İQTİSADİYYAT
Ötən il SOCAR-ın fəaliyyət sahələrində 805 ekoloji monitorinq keçirilib
Bakı, 4 fevral AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Tədbirdə ötən il ərzində ekoloji monitorinq tədbirləri, normativ sənədlərin hazırlanması, laboratoriya xidmətləri, tullantıların idarə olunması, o cümlədən həyata keçirilən iş və xidmətlərin beynəlxalq standartların tələblərinə uyğunluğunun təmin edilməsi sahəsində nəzərəçarpacaq irəliləyişin əldə olunması qeyd olunub.
İl ərzində idarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində 805 ekoloji monitorinq keçirilib, ətraf mühitin keyfiyyət göstəricilərinin təyini məqsədilə 5 min 813 ədəd nümunə götürülüb.
Həmçinin hesabat dövründə SOCAR-ın müəssisə və təşkilatları üçün 49 ədəd normativ sənədin hazırlandığı, müvafiq dövlət qurumlarında razılaşdırılaraq sifarişçilərə təhvil verildiyi bildirilib.
Bundan əlavə, 2014-cü il ərzində Ekologiya İdarəsi tərəfindən Abşeronneft NQÇİ-nin Qərbi Abşeron yatağında 20 saylı və N.Nərimanov adına NQÇİ-nin Bulla Dəniz yatağında 122 saylı stasionar dəniz özüllərinin, 28 may NQÇİ-nin Günəşli yatağında quraşdırılan 7 nömrəli dərin dəniz özülünün tikintisi və istismarı dövrü üçün ƏMTQ sənədlərinin hazırlandığı və razılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edildiyi nəzərə çatdırılıb.