CƏMİYYƏT
“Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin ilk təlimi keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 24-də 3 saylı DOST mərkəzində “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin ilk təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülər iştirak ediblər.
Təlimdə “Ünvanlı dövlət sosial yardım” mövzusunda geniş təqdimatla çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Bakı Dost mərkəzinin direktoru Kamran Abdullayev, həmçinin könüllüləri maraqlandıran sualları ətraflı cavablandıraraq gələcək təlim sessiyaları üçün öz tapşırıqlarını verib. Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığortadan bəhs edən təqdimatla çıxış edib.
Proqram “Məşğulluq (özünəməşğulluq) xidmətləri”, “Əmək pensiyaları”, “Sosial müavinətlər” və “Ünvanlı dövlət sosial yardım (ÜDSY)” ilə bağlı mövzuları əhatə edəcək və ümumilikdə 10 sessiyadan ibarət olacaq. Təlim zamanı keçirilən mövzular iştirakçıların fərdi inkişafına, onların sahə üzrə biliklərinin artırılmasına imkan yaradacaq.
Layihə Xəzər rayonu yerli icma birlikləri tərəfindən, “Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin başlıca məqsədi Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, eləcə də, əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək verməkdən ibarətdir.