MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Rusiyalı nənələrin ikinci məşqləri səhnə arxasındakı jurnalistlərin alqış sədaları altında keçmişdir
Bakı, 18 may (AZƏRTAC). Rusiyalı nənələrin mayın 18-də “Baku Crystal Hall”da ikinci məşqləri səhnə arxasındakı jurnalistlərin alqış sədaları altında baş tutmuşdur.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi “Buranovskiye babuşki” qrupunun səhnə tərtibatında heç bir fərq hiss olunmamışdır.
Geyimlərindən və aksessuarlarından səhnə quruluşunadək ilk məşqdə olduğu kimi heç bir dəyişiklik etməyən rusiyalı nənələr səhnədə yenə də sərbəst və rahat bir ifa nümayiş etdirmişlər.
Mahnılarına uyğun olaraq “Baku Crystal Hall”un səhnəsinə qədim milli paltarlarında və nimdaş çarıqlarda çıxan nənələrin məşq zamanı Fanklubun üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermədəki reytinqləri də bir qədər yüksəlmişdir. “Buranovskiye babuşki” qrupu birinci yarımfinalın iştirakçıları arasında liderliyi cədvəldəki 214 səslə davam etdirir.