MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Bakı Metropoliteni “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində paytaxtımıza gələcək qonaqları qəbul etməyə hazırdır
Bakı, 7 may (AZƏRTAC). Bakı Metropoliteni ölkəmizdə keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində paytaxtımıza gələcək qonaqlara yüksək səviyyədə xidmət göstərəcəkdir.
Metropolitenin rəisi Tağı Əhmədov AZƏRTAC-a bildirmişdir ki, digər nəqliyyat növləri ilə yanaşı, bu yeraltı nəqliyyat növü də “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlığı başa çatdırmışdır. Paytaxt sakinlərinin gündəlik istifadə etdiyi nəqliyyat vasitəsi olan Bakı Metropoliteni Avropanın ən böyük mahnı müsabiqəsi ərəfəsində sərnişinlərin təyinat məntəqələrinə vaxtında çatmasını təmin edəcəkdir.
Əcnəbi qonaqları lazımi məlumatlarla təmin etmək üçün bütün stansiyalarda informasiya köşkləri quraşdırılmışdır. Şəhərimizin qonaqları bu köşklərə yaxınlaşıb ingilis dilində məlumat əldə edə bilərlər. Eyni zamanda, metro bələdçiləri də bu işdə onlara kömək edəcəklər. Bunun üçün bələdçilər ingilis dili kurslarına cəlb olunmuş, 50 nəfərə ingilis dili dərsi keçilmişdir. Onlar müraciət edən əcnəbiləri ingilis dilində sərbəst şəkildə cavablandıra biləcəklər.
Qonaqların Bakı Metropolitenin xidmət səviyyəsindən razı qalmaları üçün digər tədbirlər də görülmüşdür. Metroda sərnişin sıxlığı yaranacağı təqdirdə, qatarların sayının artırılması da nəzərdə tutulur.
Bundan əlavə, metrostansiyalarında təhlükəsizlik tədbirləri də yüksək səviyyədədir. Metro polisi ilə yanaşı, digər vasitələr də bu işi nəzarətdə saxlayır. Bütün stansiyalarda quraşdırılan kameralar daim işlək vəziyyətdədir.