MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Buranovskiye babuşki” qrupu “YouTube” kanalında liderlər sırasındadır
Bakı, 11 mart (AZƏRTAC). “Eurovision-2012” mahnı
müsabiqəsinin ən maraqlı iştirakçılarından olan Rusiyanın “Buranovskiye babuşki” qrupu tamaşaçıların qəlbini fəth etməkdə davam edir.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, “Party for Everybody” mahnısı ilə böyük “Eurovision” səhnəsinə üz tutan nənələrin martın 7-də “YouTube”da yerləşdirilmiş videosunu izləyənlərin sayı 2 milyona çatmışdır. Video “Ən çox baxılanlar” siyahısında 5-ci yerdə qərarlaşmışdır.
Lakin onların şöhrəti bununla bitmir. Rusiyalı nənələr Çin, Böyük Britaniya, Rumıniya, Almaniya, Macarıstan, Albaniya, İtaliya, Türkiyə və digər ölkələrin medialarının diqqət mərkəzindədir. Nataliya Puqaçova, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Qalina Koneva, Granya Baysarova və Olqa Tuktaryovadan ibarət nənələrin səhnə hekayəsi dildən-dilə gəzir.
Maraqlıdır ki, ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı olan qrupun üzvləri şöhrətə can atmadıqlarını bildirirlər. Onların sadəcə bir arzusu var: qazandıqları pulla kəndlərindəki köhnə kilsəni təmir etdirmək.
“Buranovskiye babuşki” qrupu mayın 22-də ”Baku Crystal Hall”ın səhnəsində “Party for Everybody” mahnısı ilə birinci yarımfinalda çıxış edəcəkdir.