MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Macarıstanın “Compact Disco” qrupu insan qəlbinin döyüntülərini əks etdirən mahnısı ilə “Eurovision-2012”nin finalında
Bakı, 27 may (AZƏRTAC). “Baku Crystal Hall”un səhnəsinə ikinci çıxan Macarıstanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi “Compact Disco” qrupu “Sound of Our Hearts” mahnısını ifa etmişdir.
AZƏRTAC xəbər verir ki, klipində evsiz insanın çətin həyatının canlandırıldığı mahnının səhnə quruluşu və işıq effektləri “Eurovision-2012” mahnı müsabiqəsinin tamaşaçılarında eyni əhval-ruhiyyə oyatmışdır.
Mavi və yaşıl işıq effektləri ilə quruluş verilən səhnənin arxa fonunda əllərini göylərə açan insan kölgələri və ürək şəklində təsvirlər verilmişdir. Qırmızı işıq effektləri ilə diqqəti cəlb edən “ürəklər” mahnının sözlərinə uyğun olaraq döyüntülərlə müşayiət edilmişdir.
Mahnının birinci hissəsində bütün qrup göstərilsə də, ikinci hissəsindən sonra kameralar daha çox müğənniyə cəmlənmişdir.
Macarıstanın “Compact Disco” rok qrupu 2008-ci ildə yaradılmışdır. Qrup Behnam Lotfi, Gabor Pal, Attila Sandor and Csaba Walkodan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarmışlar. “I’m in Love” adlı mahnı onlara “Best Hungarian Artist” nominasiyasında MTV “European Music Award”ı qazandırmışdır.
Bakı şousunda təqdim olunan mahnının müəllifi də qrupun üzvləridir. Öz hisslərini musiqi vasitəsilə ötürən “Compact Disco” qrupunun üzvlərinin çıxışı alqışlarla qarşılanmışdır.