MƏDƏNİYYƏT
Özbəkistan saytlarında Azərbaycan çörəyi lavaş haqqında daha bir məqalə
Daşkənd, 6 dekabr, AZƏRTAC
Özbəkistanın silkway.uz saytında Azərbaycan çörəyi lavaş haqqında tanınmış jurnalist Sergey-Savçuk Kurbanovun geniş məqaləsi yer alıb.
Yazıda vurğulanır ki, lavaş Azərbaycanda qədim dövrlərdən bəri bişirilir və tarixçilərin yazdığına görə 6 min ildən çox yaşı var.
Müəllif bildirir ki, Azərbaycanda təndirin “Çala”, “Doyma”, Şirəli”, “Qoyma”, “Kürə” və digər növləri var. Lavaş əsasən təndirdə və sacda bişirilir. Təndirdə bişirilən lavaş oval formada, 35 sm-dən 100 sm-dək olur. Sacda bişirilən lavaş isə dəyirmi formada hazırlanır.
Qeyd olunur ki, qədimdə təndirdə lavaşla bərabər daha 30 növ çörək bişirilirdi.
S.S.Kurbanov yazır ki, lavaş təndirdə bişirildikdən sonra üst-üstə yığılır və nazik olduğundan bir müddətdən sonra quruyur. Lavaş istifadə edilməzdən 20-25 dəqiqə əvvəl sulanır, çörəyin üstü təmiz parça ilə örtülür və yumşaq lavaş süfrəyə qoyulur.
Məqalədə deyilir ki, Mahmud Kaşğarinin məşhur “Divani Lüğəti-Türk”, Yusif Balasaqunlunun “Kutatqu bilik” əsərlərində, həmçinin Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin və digər klassik şairlərin kitablarında lavaşın adı çəkilir.
Materialın sonunda deyilir ki, hazırda Azərbaycan lavaşı Qafqaz, Orta Asiya, Asiya, Avropa ölkələri və Amerikada Qafqaz lavaşı adı ilə bişirilir və çox populyardır.
Material Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinə təqdim olunub.
Qeyd edək ki, Daşkənddəki sharh.uz və uchildiz.uz saytlarında da lavaş haqqında geniş materiallar verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd