DÜNYA
Özbəkistanda mədəni irsin qorunması ilə bağlı xüsusi Mərkəz yaradılıb
Daşkənd, 23 iyun, АZƏRTAC
Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrdə qorunan və özbək xalqına məxsus olan mədəni irsin qorunması ilə bağlı xüsusi Mərkəz yaradılıb.
Prezident Şavkat Mirziyoyev bununla əlaqədar Fərman imzalayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi bildirib ki, Mərkəzin yaradılmasında məqsəd Özbəkistanla bağlı xarici ölkələrdə qorunan mədəni dəyərlər haqqında bank hazırlamaq və onları elmi cəhətdən öyrənməkdir. Bundan başqa, Mərkəz mədəni dəyərlərin ölkəyə gətirilməsi və çıxarılması sahəsində qanunvericiliyə riayət olunması və bunun səmərəliliyi ilə məşğul olacaq.
Fərmanda deyilir ki, mədəni irsin ölkəyə qaytarılması ilə bağlı danışıqlar aparılması və müəyyən qərarlar qəbul edilməsi də nəzərdə tutulur.
Nazirliyin nümayəndəsi qeyd edib ki, sovet dövründə Səmərqənd, Buxara və Xivə şəhərlərindəki muzeylərdə qorunan, özbək xanlarına məxsus qiymətli eksponatlar, o cümlədən qızıl əşyalar Sankt-Peterburqa aparılıb. Bu gün o eksponatların çoxu Ermitajın Şərq bölməsində saxlanılır. Bu eksponatların Özbəkistana qaytarılması istiqamətində iş aparılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd