ELM VƏ TƏHSİL
Özbəkistanlı tələbələr Azərbaycan İlahiyyat İnstitutunda təcrübə keçəcəklər
Bakı, 14 aprel, AZƏRTAC
Özbəkistan Beynəlxalq İslam Akademiyası (ÖBİA) ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bu ali təhsil müəssisəsinin dinşünaslıq ixtisaslaşması üzrə təhsil alan beş magistrantı Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təcrübə keçəcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində, eyni zamanda, ÖBİA-nın əməkdaşları Aİİ tələbələri üçün seminarlar təşkil edəcəklər.
Görüşdə Aİİ-nin rektoru Aqil Şirinov institutun fəaliyyəti, qarşıda duran məqsəd və hədəflər haqqında ətraflı məlumat verib. Bildirilib ki, ali məktəbdə bakalavr, magistratura və doktorantura səviyyələri üzrə dövlət sifarişi üzrə qəbul həyata keçirilir.
A.Şirinov Aİİ-də təhsilin keyfiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, institutda keçirilən fənlər ərəb və ingilis dillərində sərbəst mühazirə deyə bilən, öz sahəsinin peşəkar mütəxəssisləri tərəfindən tədris olunur.
Aİİ-nin rektoru ali təhsil müəssisəsinin yeni binasının istifadəyə verildiyini qeyd edib. A.Şirinov Azərbaycan Prezidenti İlham Əliyevin yeni binanın açılışında iştirak etdiyini, ölkəmizdə dövlət-din münasibətlərinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Özbəkistan Beynəlxalq İslam Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbəsinin müdiri Navruzbek Abdullajonov və akademiyanın müəllimləri professorlar Nilufar Batirova, Mokhira Abdullayeva təmsil etdikləri təhsil müəssisəsi haqqında geniş məlumat veriblər. Onlar bildiriblər ki, əməkdaşlıq çərçivəsində tələbələrimizin Aİİ-də təcrübə keçmələri böyük əhəmiyyət kəsb edir. Qonaqlar Aİİ-nin tələbə və müəllimlərini ÖBİA-da mübadilə proqramı çərçivəsində təcrübə keçməyə dəvət ediblər.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə institut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.