Azərbaycan Dövlət İnformasiya Agentliyi

OZONDAĞIDICI MADDƏLƏRİN İDXALI VƏ İXRACI SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının qoşulduğu “Ozon qatının qorunması haqqında” Vyana Konvensiyasının “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nun 4-cü maddəsinə uyğun olaraq qərara alıram:

1. Müəyyən edilsin ki, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin həmin Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərdən Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından bu Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərə ixracı qadağandır.

2. Azərbaycan Respublikası Prezidentinin “Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 608 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 754; 2003-cü il, № 10, maddə 585) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası üzrə kodları və adları göstərilməklə siyahısını iki ay müddətində hazırlayıb təsdiq etsin;

3.2. müvafiq dövlət orqanları ilə birlikdə ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsinin icrasını təmin edən zəruri tədbirləri həyata keçirsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin