DÜNYA
Pakistanda yağışlar, sel və daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb

İslamabad, 15 yanvar, AZƏRTAC
Pakistanda yağışlar, sel və daşqınlar nəticəsində Azad Kəşmir və Bəlucistanda ölənlərin sayı 100-ə çatıb. Təxminən o qədər də yaralı olduğu bildirilir.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu əyalətlərdə insanların təbii fəlakət zonalarından xilas olunması və onlara kömək göstərilməsi işləri davam edir. Pakistanın təbii fəlakət zonalarında təxminən 200 ev yararsız hala düşüb. Bu zonalarda ümumilikdə 2000 çadırdan ibarət şəhərciklər qurulub. Zərər çəkənlərə ərzaq, adyal, isti paltarlar verilir.
Bəlucistan əyalətinin yeddi dairəsində fövqəladə vəziyyət elan olunub, orada da zərər çəkənlərə yardımlar edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad