SİYASƏT
Pakistanın nüfuzlu “Diplomatik Star” jurnalında 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı məqalə dərc edilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Pakistanda diplomatik sahədə yazıları ilə seçilən nüfuzlu “Diplomatik Star” jurnalında 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı məqalə dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda dövlət bayramı kimi qeyd olunduğu vurğulanmışdır. Bildirilmişdir ki, bu bayramın əsas məqsədi azərbaycanlıların həmrəyliyi, milli mənəvi dəyərlərimizə hörmət, tarixi Vətənə bağlılıq və sadiqlikdir. Bu bayramın Vətən sevgisi, amalı ilə yaşayan soydaşlarımız tərəfindən dünyanın müxtəlif ölkələrində ildən-ilə daha geniş şəkildə qeyd edildiyi diqqətə çatdırılmışdır.
Yazıda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ilk dəfə Naxçıvan Muxtar Respublikasının parlamenti tərəfindən bayram kimi qeyd olunduğu vurğulanmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev daim xarici ölkələrdə yaşayan həmvətənlərimizi müstəqil Azərbaycan ilə daha sıx əlaqədə olmağa çağırırdı. Ümummilli lider Heydər Əliyev dövlətimizin diaspor təşkilatları ilə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmiş, xaricdə yaşayan azərbaycanlıların ilk növbədə Vətəni - müstəqil Azərbaycanı, xalqımızın bu gününü və gələcəyini düşünməsinin vacibliyini vurğulamışdır.
Jurnalda Azərbaycan diasporunun fəaliyyətinin əsas istiqamətləri də açıqlanmışdır. Bildirilmişdir ki, bu fəaliyyət planına etnik mənsubiyyətin qorunub saxlanması, respublikamız haqqında həqiqətlərin təbliği, soydaşlarımızın məskunlaşdıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, əlamətdar günlərdə tədbirlərin keçirilməsi və s. daxildir.
Məqalədə ulu öndər Heydər Əliyevin 1999-cu ildə dünya azərbaycanlılarına müraciətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd olunmasını xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi qiymətləndirildiyi qeyd olunmuşdur.
Nəşrdə, həmçinin hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığı qeyd olunmuş, onlar tərəfindən yüzlərlə diaspor təşkilatının yaradıldığı bildirilmişdir. Vurğulanmışdır ki, soydaşlarımız arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlər getdikcə daha dərin kök salır. Azərbaycanlılar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmizin əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına töhfələrini verirlər.
Məqalə “Şübhəsiz ki, dünya azərbaycanlıları fəaliyyətlərini birləşdirmək və əlaqələndirməklə doğma Azərbaycanın inkişafı və tərəqqisinə töhfələrini vermiş olacaqlar” sözləri ilə yekunlaşmışdır.
Yazının tam mətni ilə http://www.diplomaticstar.com/magazine/31-december-world-azerbaijanis-solidarity-day.html linkdən tanış olmaq mümkündür.