CƏMİYYƏT
Parlamentin gənclər və idman komitəsinin yaz sessiyası üçün tədbirlər planı təsdiqlənib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Fuad Muradov əvvəlcə payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, sessiya dövründə komitənin üç iclası keçirilib və bir sıra məsələlər müzakirə edilib. 2016-cı il payız sessiyası üçün komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə daxil olmuş məktub, müraciət və sənədlərin sayı 128 olub. Vətəndaşlar tərəfindən komitəyə 83 məktub ünvanlanıb.
Ötən dövrdə komitə sədri tərəfindən 78 vətəndaş qəbul edilib, toxunulan məsələlərin bir çoxu öz müsbət həllini tapıb.
Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib. Diqqətə çatdırılıb ki, sessiya müddətində “Gənclər siyasəti haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi, səhiyyə komitəsi ilə birgə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Sessiya ərzində komitə üzvləri Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsində fəal iştirak edəcəklər. Eyni zamanda, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar gənclər sektorunda maarifləndirmə tədbirlərinin aparılması, 2 fevral - Gənclər gününə həsr olunmuş ictimai dinləmənin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı komitənin 2016-cı ilin payız sessiyası dövründə fəaliyyəti və 2017-ci ilin yaz sessiyasında görüləcək işlər müsbət qiymətləndirilib.