İQTİSADİYYAT
“PAŞA Həyat” birinci rübdə 32,099 milyon manat həcmində sığorta haqqı toplayıb
Bakı, 11 aprel, AZƏRTAC
Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-ci ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, operativ məlumatlar əsasında hazırlanan rüblük hesabatın nəticələrinə əsasən, cari ilin birinci rübündə “PAŞA Həyat” tərəfindən ümumilikdə 32,099 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 10,731 milyon manat və ya 50 faiz çox olub.
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 1,663 milyon manat və ya 27 faiz artaraq 7,755 milyon manata çatıb.
Сari il aprelin 1-nə nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.