CƏMİYYƏT
Paytaxt Kiyev uğrunda döyüş: AZƏRTAC-ın Stoyanka və Buzovaya kəndlərindən məxsusi reportajı VİDEO
Kiyev, 13 aprel, AZƏRTAC
Ukraynada hərbi əməliyyatların başlandığı gündən ən ağır döyüşlər paytaxt Kiyev ətrafındakı kəndlərdə və qəsəbələrdə də gedib. Kiyev şəhərinə hücumun qarşısını almaq üçün Ukrayna silahlı qüvvələri şəhər ətrafındakı kəndlərdə güclü müqavimət göstərib. Ağır döyüşlərin getdiyi ərazilərdən biri də Kiyev vilayətinin Stoyanka və Buzovaya kəndləri olub. Burada kəndlər ciddi dağıntıya məruz qalıb, mülki şəxslər arasında ölənlər var. Həmçinin Rusiya və Ukrayna silahlı qüvvələrinin hərbçiləri də bu ərazilərdə itkilərə məruz qalıb. Hazırda bu ərazilər Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır. Əhalinin kəndlərə köçməyi hələ tövsiyə edilmir, çünki ərazilərdə partlamamış minalar var. Bu ərazilərin təmizlənməsi işlərinə başlanılıb.
Onu da qeyd edək ki, müharibənin ilk günlərindən bu istiqamətdən Kiyev şəhərinə bir neçə dəfə hücum cəhdləri olub. Jitomir-Kiyev magistral yolunun üzərində yerləşən bu kəndlər paytaxta daxil olmaq üçün olduqca strateji ərazi sayılırdı. Ona görə də hərbi əməliyyatların ilk günündən həmin ərazilərdə ağır döyüşlər gedib.
AZƏRTAC-ın xüsusi müxbiri həmin kəndlərdən foto və videoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev