İQTİSADİYYAT
Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 90 faiz olub
Bakı, 30 mart, AZƏRTAC
2022-ci ilin yanvar-fevral aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11,2 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 84,3 faizi mədənçıxarma, 13,2 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında martın 1-nə 368,7 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.