İQTİSADİYYAT
Paytaxtda bəzi yol kəsişmələrində işıqforların fəaliyyətində dəyişikliklər olunub
Bakı, 23 yanvar, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların da müraciətləri nəzərə alınmaqla, bu çərçivədə daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.
Edilən dəyişikliklərə əsasən, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində və Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağadönmə bölməsi quraşdırılıb, Həsən bəy Zərdabi küçəsinin İsmayıl Talıblı küçəsi ilə kəsişməsində işıqforun vaxt planına dəyişiklik edilib, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağadönmə bölməsi çıxarılıb.
İlkin müşahidələrə əsasən, dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80 faizədək azalıb.