ELM VƏ TƏHSİL
Paytaxtın 175 nömrəli tam orta məktəbində Bilik günü qeyd edilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Yasamal rayonundakı 175 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bilik gününə həsr olunmuş tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və valideynlər iştirak etmişlər.
Tədbirdə məktəbin direktoru Qələndər Qələndərov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və təhsil ocağına ilk kövrək qədəmlərini basan birinciləri təbrik etmiş, onlara gələcək təhsil illərində uğurlar arzulamışdır.
Direktor ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, gənclərin biliklərə yiyələnmələri üçün yaradılan şəraitdən danışmışdır. Bildirmişdir ki, məzunlarımız daim ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmişlər. 2012-2013-cü tədris ilində bu təhsil müəssisəsini 107 nəfər bitirmiş, məzunların 66 faizi ali məktəblərə qəbul olunmuşdur. Onlardan 5 nəfəri 2013/2014-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplamışdır. Builki məzunlardan 18 nəfəri isə müxtəlif xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşdur. Daim bu sahədə yüksək nəticələrin əldə edildiyini vurğulayan direktor bunu məktəbin pedaqoji kollektivinin zəhməti və fədakar əməyinin nəticəsi kimi qiymətləndirmişdir.
Q.Qələndərov məktəbdə tədrisin Azərbaycan və rus dillərində aparıldığını bildirmiş, bu il daha çox rus bölməsinə şagirdin qəbul olduğunu qeyd etmişdir. O, yeni tədris ilində 6 sinif olmaqla, ümumilikdə, birinci sinfə 162 uşağın qəbul olunduğunu diqqətə çatdırmışdır.
Tədbirdə müəllimlər, qonaqlar və valideynlər məktəbliləri Bilik günü münasibətilə təbrik etmiş, yeni tədris ilində uğurlar arzulamışlar.
Sonra söz birincilərə verilmişdir. Məktəbə ilk qədəmlərini qoyan bu körpə fidanların ifa etdikləri şeir və mahnılar maraqla qarşılanmışdır. Bu il birinci sinifdə təhsil alacaq Solmaz Qurbanzadənin həyəcanla söylədiyi “Azərbaycan” şeiri isə iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.