CƏMİYYƏT
Penitensiar Xidmətin mühafizə alayında narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası istiqamətində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında həqiqi hərbi xidmət keçənlər arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə maarifləndirmə tədbiri keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komissiyanın üzvü olan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, eləcə də Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə işinin təşkili idarəsinin və tibb baş idarəsinin əməkdaşları mövzu ətrafında çıxışlar ediblər. Çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verilib.
Sonda iştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri paylanıb.