DÜNYA
Pentaqon döyüş gəmilərində yanğınlarla mübarizə aparmaq üçün robot-humanoid hazırlayır
Bakı, 10 mart (AZƏRTAC). Pentaqon döyüş gəmilərində yanğınlarla mübarizə aparmaq üçün robot-humanoid hazırlayır. Bu barədə jurnalistlərə ABŞ Hərbi Dəniz Qüvvələrinin Tədqiqat laboratoriyasının nümayəndələri xəbər vermişlər.
Onlar bildirmişlər ki, “gəmi üçün nəzərdə tutulmuş müstəqil yanğınsöndürən robot” gəmilərin dar məkanında sərbəst hərəkət edəcək, pillələri qalxıb-düşə biləcək, heyət üzvləri ilə “ünsiyyətdə olacaq”, o cümlədən onların hərəkətlərini “başa düşəcəkdir”.
Laboratoriyanın nümayəndələri demişlər: “ Robot yönlənmə və yerdəyişmə üçün ən müasir sensor texnologiyasından istifadə etməklə quraşdırılır və müxtəlif qurğularla, o cümlədən telekamera, güclü tüstü şəraitində “ətrafı görməyə” imkan verən infraqırmızı kamera, qaz təhliledicisi ilə təchiz olunur. Manipulyator əllərin köməyi ilə o, yanğınsöndürmə vasitələrindən istifadə edə biləcəkdir. Robotda 30 dəqiqə yanğınla mübarizə aparmağa imkan verən cərəyan mənbəyi kimi batareya quraşdırılmışdır. O, yırğalanma zamanı tarazlığını qoruyub saxlayacaq və maneələri keçə biləcəkdir”.
Robot-humanoidin real şəraitdə sınaqdan keçirilməsi gələn ilin sentyabr ayına planlaşdırılmışdır.