İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,5 milyard manatlıq məhsul satılıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 14,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 392,7 manat və ya keçən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 55,9 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq malları alıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.