ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər davam edir
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.
Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul və İzmir şəhərlərində təşkil olunub.
Təlimlər liderlik, dərzi, dizayn, turizm və qida istiqamətləri üzrə keçirilir.
İzmir şəhərində keçirilən təlim Mazhar Zorlu Anadolu Texniki Liseyində təşkil olunub. Təlimin ilk günündə iştirakçılarla liseyin idarə heyətinin görüşü keçirilib. Daha sonra təlim iştirakçıları liseyin maddi-texniki bazası ilə tanış olublar.
Təlimlərin 2-12 həftə müddətində liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi planlaşdırılıb.