İQTİSADİYYAT
Pirallahıda su və kanalizasiya sistemi problemləri kompleks şəkildə həll edilir
Bakı, 8 sentyabr (AZƏRTAC). “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, paytaxtımızın bütün regionlarında olduğu kimi, Pirallahı rayonunda da abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, burada su və kanalizasiya sistemi problemləri kompleks şəkildə həll edilir, daxili xətlərin yenidən qurulması istiqamətində müvafiq tədbirlər görülür. Eyni zamanda Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsi işləri yekunlaşmaq üzrədir və hazırda Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətləri yeni magistral xəttə qoşulur.
Fioletov küçəsində isə qanunsuz obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü davam edir.
Həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar əsaslı təmir olunurlar.