DÜNYA
Polşa bütün ölkə vətəndaşları haqqında olan serverlərin yerini məxfi saxlayır
Bakı, 25 avqust (AZƏRTAC). Polşanın informasiya texnologiyaları mütəxəssisləri tam məxfilik şəraitində 38 milyon vətəndaşın şəxsi məlumatlarının olduğu serverləri yeni yerə köçürmüşlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, serverlərin daşınması 150 nəfərin iştirakı ilə 3 gün davam etmişdir. Əməliyyat zamanı gözlənilməz halların, o cümlədən serverlərdə mümkün nasazlıqların baş verə biləcəyindən ehtiyatlanan mütəxəssislər məlumatların 6 ehtiyat nüsxəsini hazırlamışlar. İnformasiyanın təhlükəsizliyini hökumətin mühafizə idarəsinin gücləndirilmiş dəstələri təmin etmişdir. Serverlərin yeni yeri naməlumdur.
Serverlərdə “PESEL” identifikasiya nömrələri informasiya sistemi saxlanılmışdır. “PESEL”də vətəndaşların pasport və onların sağlamlıq vəziyyəti barədə informasiya daxil olmaqla hər bir polşalı haqqında məlumat vardır. Ekspertlərin bildirdiyinə görə, serverlər köçürülməmişdən əvvəl məlumatların itirilməsi riski böyük olmuşdur.
Əvvəlki yerdə elektrik və kondisioner sistemində problemlər yaranmış, avadanlıq isə köhnə olmuşdur. Polşa Daxili İşlər Nazirliyinin informasiya mərkəzinin direktoru Bonç Tomaşevskinin sözlərinə görə, elementlərdən birində qəzanın baş verməsi böyük fəsadlara səbəb ola bilərdi.