SİYASƏT
Polşada Azərbaycanın qəhrəman oğlu Vəli bəy Yadigarın xatirə lövhəsi açılmışdır
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycanın Polşadakı səfirliyi tərəfindən bu ölkənin Qrudzyondz şəhərində səkkizinci radioelektronik batalyonun ərazisindəki Ali Süvari Məktəbinin binasında Vəli bəy Yadigarın xatirə lövhəsi açılmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində Qrudzyondz şəhərinin meri Robert Malinovski, Polşa Süvari Ənənə Fondunun idarə heyətinin sədri xanım Karola Skavronska, səkkizinci radioelektronik döyüş batalyonunun komandiri, polkovnik-leytenant Radzislav Smulkovski, elektronik döyüş və psixoloji təsir taqımının baş mütəxəssisi, polkovnik-leytenant Zbignev Novak, Vəli bəy Yadigarın müasiri Yuzef Adamczyk və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri açan səfir Həsən Həsənov respublikamız haqqında məlumat vermiş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə fəaliyyət göstərmiş polyaklar haqqında danışmışdır.
Azərbaycanın və Polşanın qəhrəman övladı Vəli bəy Yadigara həsr olunmuş xatirə lövhəsinin açılışını tarixi hadisə kimi qiymətləndirən diplomat tədbir iştirakçılarına 1918-1920-ci illərdə Azərbaycanın ordu quruculuğunda iştirak etmiş Maçiey Sulkeviçin Vətənimizin azadlığı uğrunda xidmətləri haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Qızıl Ordu tərəfindən işğal edildikdən sonra M.Sulkeviç güllələnmişdir. Qəhrəmanın son sözü “Mən fəxr edirəm ki, Azərbaycan əsgəri kimi ölürəm” olmuşdur. Həsən Həsənov bildirmişdir ki, Azərbaycan və Polşa xalqlarının oğulları ölkələrimizin azadlığı və istiqlaliyyəti üçün çalışmışlar. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının bariz nümunəsidir.
Ali Süvari Məktəbinin Qrudzyondz şəhərinin tarixində tutduğu yerdən danışan R.Malinovski əslən azərbaycanlı olan Vəli bəy Yadigarı Polşanın sadiq oğlu adlandırmış və Polşanın ən çətin anlarında göstərdiyi şücaətdən danışmışdır.
R.Smulkovski isə çıxışında Polşanın istiqlaliyyəti uğrunda qəhrəmanlıq göstərmiş Vəli bəy Yadigara həsr olunmuş xatirə lövhəsinin açılışını tarixi hadisə adlandırmışdır. O, vurğulanmışdır ki, Polşa xalqı Vəli bəy Yadigar kimi qəhrəmanları heç vaxt unutmayacaqdır.
Y.Adamczyk Vəli bəy Yadigara həsr olunmuş xatirə lövhəsinin onun vaxtı ilə təhsil aldığı və rəhbərlik etdiyi Ali Süvari Məktəbdə açılışında iştirakından qürur duyduğunu demişdir. O, Vəli bəy Yadigarın Polşa ordusunda xidmətindən və ölkənin ən çətin anlarında iştirak etdiyi döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışmışdır.
H.Həsənov Azərbaycan-Polşa münasibətlərinin inkişafına töhfələrini vermiş R.Malinovskini, K.Skavronskanı, R.Smulkovskini, Z.Novakı, K.Vyeçoreki ölkələrimiz arasında diplomatik əlaqələrinin qurulmasının 540-cı və bərpasının 20-ci ildönümünə həsr olunmuş medalla təltif etmişdir.
Sonda H.Həsənov və R.Smulkovski xatirə lövhəsini açmışlar.