SİYASƏT
Polşada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə xatirə gecəsi keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyi və “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin birgə təşkilatçılığı ilə Varşavadakı Cənubi Praqa Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə xatirə gecəsi keçirilmişdir.
Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, beynəlxalq aləmdə tanınması və inkişafı üçün ümummilli liderin misilsiz xidmətlərindən danışmışdır. Azərbaycan-Polşa əlaqələrinə də toxunan diplomat son 20 ildə müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər və ulu öndər Heydər Əliyevin uğurlu siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmiş, ümummilli liderin tərcümeyi-halı ilə rəngli açıqcalar qonaqlara təqdim olunmuşdur.
Sonda bir çox beynəlxalq müsabiqələrin qalibi, Prezident təqaüdçüsü, 12 yaşlı gənc pianoçu Nəriman Əmiraslanov və musiqişünas, vokalçı Sevinc İbrahimova konsert proqramı çıxış etmişlər.