ELM VƏ TƏHSİL
POLŞALI DİPLOMAT BSU-DA “SƏFİR SAATI”NIN QONAĞI OLMUŞDUR
Bakı, 18 iyun (AZƏRTAC). Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski iyunun 18-də Bakı Slavyan Universitetində (BSU) keçirilən “Səfir saatı”nın qonağı olmuşdur.
Tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq ölkəmizdə beşillik diplomatik fəaliyyətini başa vuran K.Krayevskinin Azərbaycan ilə Polşa arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında böyük xidmətləri olduğunu vurğulamışdır. Bildirilmişdir ki, BSU-da polyak dili və mədəniyyəti mərkəzinin səmərəli fəaliyyətində əvəzsiz xidmətləri olan K.Krayevski peşəkar diplomat kimi yüksək səviyyədə fəaliyyət göstərmişdir.
Rektor diplomatik fəaliyyətini uğurla başa vuran səfirə gələcək fəaliyyətində yeni uğurlar arzulamış, BSU-da bundan sonra da onunla görüşlər keçiriləcəyinə əminliyini ifadə etmişdir.
K.Krayevski diplomatik fəaliyyəti dövründə gördüyü işlər haqqında danışmış və kollektivə minnətdarlığını bildirmişdir. Bildirmişdir ki, bu gün Polşa ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox yüksək səviyyədədir. Azərbaycan bizim strateji müttəfiqimizdir. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir. Mərhum Prezident Lex Kaçinskinin Azərbaycana beş dəfə səfər etməsi ölkələrimiz arasında əlaqələrin ən parlaq göstəricisidir.
K.Krayevski universitetin xatirə kitabına ürək sözlərini yazmışdır.