İDMAN
Polşanın Leqniça şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd edilmişdir
Bakı, 13 may (AZƏRTAC). Polşanın Leqniça şəhərində şahmat üzrə fərdi Avropa çempionatı davam edir. Çempionatda iştirak edən azərbaycanlı idmançılar mayın 10-da keçirilmiş 9 görüşün 5-də qələbə qazanmışlar.
Növbəti yarış gününün sonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Polşa Şahmat Federasiyasının sədri Andjey Dadello, çempionatın təşkilatçısı Artur Çij, Azərbaycan Şahmat Federasiyasının məşqçiləri Lütfiyar Rüstəmov, Salman Süleymanov, Asif Həsənov, idmançılar, yerli mətbuat nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət yolu” filminə baxmışlar.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək iştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi zəngin həyat yolu haqqında məlumat vermiş, onun ölkəmizdə siyasi sabitliyinin təmin olunmasında, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində misilsiz xidmətləri olduğunu vurğulamışdır.
Səfir Həsən Həsənov mayın 10-da - xalqımız üçün çox əlamətdar bir gündə fərdi Avropa çempionatında ən sürətli qələbə qazanmış azərbaycanlı şahmatçı Vasif Durarbəyli və polşalı şahmatçı Radoslav Voytaşekə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə təsis olunmuş xatirə medalını təqdim etmişdir. Onlarla yanaşı həmçinin mayın 10-da keçirdikləri görüşləri qələbə ilə başa vurmuş Azərbaycan və Polşa şahmatçıları Qjeqoj Qayevski, Qədir Hüseynov, Nicat Məmmədov, Bəhruz Rzayev, Zaur Məmmədov və Rauf Məmmədov, məşqçilər Tomaş Deleqa, Lütfiyar Rüstəmov, Salman Süleymanov və Asif Həsənov da xatirə medalları ilə təltif olunmuşlar.
Tədbirin sonunda səfir Həsən Həsənov yerli mətbuat nümayəndələrinə müsahibə vermişdir.