İQTİSADİYYAT
Polşanın Sosial Sığorta Təşkilatının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 20 may (AZƏRTAC). Azərbaycanda səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Respublikasının Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər qoymuşlar.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.
######