PRAQADA AZƏRBAYCAN GECƏSİ KEÇİRİLMİŞDİR
Praqa, 14 sentyabr (AZƏRTAC). Praqada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətindən daxil olan məlumatda bildirilir ki, cəmiyyətin təşkilatçılığı ilə Praqada Azərbaycan gecəsi keçirilmişdir. Artıq ənənəyə çevrilmiş tədbirdə cəmiyyətin təsis etdiyi “Delphin Caspius-2009” mükafatı Çexiyanın Azərbaycandakı səfiri Radek Matulaya təqdim olunmuşdur.Təşkilat bu mükafatı hər il Azərbaycan-Çexiya dostluğunda xidmətləri olan tanınmış mədəniyyət və siyasət xadimlərinə təqdim edir.
Tədbirdə nümayiş etdirilmiş Azərbaycan barədə sənədli film, təqdim olunan canlı musiqi və milli xörəklərimiz iştirakçıların böyük marağına səbəb olmuşdur.
Gecədə Çexiya Xarici və Daxili İşlər Nazirliklərinin məsul işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və başqaları iştirak etmişlər.
Azərbaycan gecəsi Praqanın mərkəzindəki məşhur “Çelinçe” klubunda davam etdirilmişdir.
Gecənin təşkilatçısı Elşən Nəzərov demişdir:
-Cəmiyyətimizin təşkilatçılığı ilə hər il belə tədbirlər keçirilir. Əvvəlki illərdə Azərbaycan xalq musiqisi ifaçılarının, muğam və pop müğənnilərimizin konsertlərini təşkil etmişik. Bu il isə Avropa ictimaiyyətinə Azərbaycan elektron musiqisini təqdim etdik. Əminliklə deyə bilərəm ki, incəsənət ustalarımızın çıxışları böyük rəğbətlə qarşılanmışdır.
######
