DÜNYA
Prezident Ərdoğan: “Sülh çeşməsi” əməliyyatı başladığı gündən indiyədək 775 terrorçu zərərsizləşdirilib
İstanbul, 22 oktyabr, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatların daha qətiyyətlə davam etdiriləcəyini bəyan edib. Bildirib ki, Suriyada aparılan “Sülh çeşməsi” əməliyyatının başladığı gündən indiyədək 775 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində Suriyanın 2200 kvadrat kilometrlik ərazisi terrorçulardan təmizlənib.
Prezident Ərdoğan əməliyyatlar zamanı Türk Silahlı Qüvvələrinin 7, Suriya Milli Ordusunun 79 əsgərinin şəhid olduğunu, 20 mülki vətəndaşın öldürüldüyünü bildirib.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Rusiyanın terrorla mübarizədə müttəfiq olduqlarını bir daha bəyan edib.
Prezident səfər zamanı bölgədə mövcud terror təşkilatlarının zərərsizləşdirilməsi məsələsinin müzakirə olunacağını deyib. O, 120 saatlıq müddətin uzadılması ilə bağlı məlumatların yalan olduğunu bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul