SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf edib
Bakı, 29 mart, AZƏRTAC
Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.
Məktubda qeyd olunub: “Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir”.