İQTİSADİYYAT
Prezident İlham Əliyev: Biz maraqlıyıq ki, ixrac imkanlarımız daha da genişlənsin və qazımızı dünya bazarlarına daha da böyük həcmdə ixrac edək
Bakı, 11 iyun (AZƏRTAC). “Cənub” qaz dəhlizi üzrə danışıqlar gedir. Əminəm ki, danışıqların yaxşı nəticələri olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezident Danilo Türk ilə birgə Lyublyanada keçirdiyi mətbuat konfransında demişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, danışıqların uğuru üç tərəfin səmimi münasibətlərindən və əlaqələrindən asılıdır. İstehsalçılar - Azərbaycan, istehlakçılar - Avropa tərəfi və tranzit ölkələri. Hər üç tərəfin maraqları təmin edilməlidir və hər bir tərəf bu layihənin həyata keçirilməsi üçün töhfəsini verməlidir. Hazırda bu əməkdaşlıq formalaşır.
Bu məsələnin nəinki Azərbaycan, eyni zamanda, Avropa üçün də çox vacib olduğunu deyən Prezident İlham Əliyev vurğulamışdır: “Biz maraqlıyıq ki, ixrac imkanlarımız daha da genişlənsin və qazımızı dünya bazarlarına daha da böyük həcmdə ixrac edək. İstehlakçılar isə maraqlıdırlar ki, alınan qazın coğrafiyasını daha da genişləndirsinlər və burada bizim maraqlarımız üst-üstə düşür”.