RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib YENİLƏNİB-3
Bakı, 20 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin moderatoru, Avrasiya Qrupunun sədri və təsisçisi Yan BREMMER Avrasiya regionunun əhəmiyyəti və bu regionda gedən proseslər barədə məlumat verdikdən sonra tədbirin qonaqlarını təqdim edərək dedi:
-Mən böyük məmnuniyyətlə çox mötəbər şəxslərdən ibarət bir qrupu sizə təqdim etmək istəyirəm. Burada toplaşmağımızın əsas məqsədi məlumdur. Münxen Təhlükəsizlik Konfransı xüsusilə qeyri-müəyyənlik və suallar ilə doludur.
Avrasiya bizim daha sabit regionlarımızdan biridir. Ancaq bu, heç də hər zaman belə olmamışdır. Panel iştirakçılarını təqdim etməzdən əvvəl bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm.
Məni heyrətləndirən odur ki, bu gün Avrasiyaya nəzər saldıqda, biz gələcəkdə dünyanın digər regionlarında vəziyyətin necə olacağını sanki görmüş oluruq. Birincisi, ümumilikdə dövlətlər daxili işləri ilə məşğul olurlar. Digərlərinin daxili işlərinə ideoloji müdaxilə aşağı səviyyədədir. Məsələn, Qazaxıstan Rusiyaya islahatların necə aparılmalı olduğunu bildirmir. Azərbaycan Gürcüstanın daxili işləri ilə bağlı hər hansı münasibət bildirmir. Eyni zamanda, biz Rusiya və Çinin mehriban qonşuluq şəraitində yaşadığını, bəzən isə Şanxay Əməkdaşlıq Təşkilatının timsalında Qərb dünya nizamına alternativin dəstəklənməsində bir yerdə çalışdıqlarının şahidi oluruq. Nəhayət, qloballaşmaya gəldikdə çox maraqlı bir məqam ortaya çıxır. Təchizat zəncirinin artıq qlobal deyil, daha çox dövlətlərarası ticarət qovşaqları modeli üzərində qurulduğunun şahidi oluruq. Xüsusilə də “Bir kəmər-Bir yol” konsepsiyasını qeyd etmək istərdim.
Yəni, əsas sual Avrasiyanın gələcək dünyanın mənzərəsini nə dərəcədə müəyyən edəcəyi ilə bağlıdır. İstər müsbət, istərsə də mənfi mənada. Bu, çox maraqlı sualdır. Təbii ki, müəyyən risklər var. Şübhəsiz, dövlətlərin digərlərinin işlərinə ideoloji müdaxilə etməməsi o demək deyil ki, onların maraqları toqquşmur. Bu, Rusiya-Ukrayna məsələsində, Özbəkistanın bəzi qonşuları ilə münasibətlərində aydın görünür. Eyni zamanda, bizi düşündürən ən vacib məsələlərdən biri Rusiya-Çin münasibətlərinin uzun müddətə davamlı olub-olmamasıdır.
Nəhayət, siyasi baxımdan davamlılıq sualı var. Artan populizm, neftin qiymətinin aşağı olması, İŞİD, terrorçuluq, radikalizm və sair. Avrasiyada da müəyyən mənada siyasi davamlılıq sualları meydana gələcəkmi? Yəni, gələcəyin dünya nizamı baxımından təhlükəsizlik, ticarət və siyasi mandatla bağlı suallar məhz Avrasiyada yaranır.
Məmnunam ki, bu kontekstdə bizim bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində olduqca bənzərsiz panelimiz var. Panelimizin iştirakçılarını təqdim etmək istəyirəm: Azərbaycan Prezidenti İlham Əliyev, Estoniya Prezidenti xanım Kersti Kalyulayd, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Senatının sədri, ölkənin keçmiş Baş naziri Kasım-Jomart Tokayev və Ukraynanın keçmiş Baş naziri və hazırda Narodniy Front Partiyasının sədri Arseni Yatsenyuk.
Eyni zamanda, auditoriyada da bir çox tanınmış şəxsləri və söz sahiblərini də görürəm və onların da Avrasiyada qırılma xətləri və regionun qlobal kontekstdə hansı istiqamətdə irəliləməsi ilə bağlı fikirlərini eşitmək istərdik.
İlk olaraq, sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vermək istəyirəm.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və bizim coğrafi mövqeyimiz, əslində, regionumuzda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olmuşdur və bu gün biz tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq. Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi.
Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi.
Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Bu gün iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin region üçün də yaxşı nəticələr verir. Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, - biz müsəlman dünyasının bir hissəsiyik, - və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Biz bu yaxınlarda Avropa İttifaqı ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlamışıq.
Biz çox nadir ölkələrdən biriyik ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. 2015-ci ildə biz ilk Avropa Oyunlarını təşkil etdik. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, bu, bizim niyyətlərimizi göstərir və biz sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa çoxlu töhfə veririk.
Üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə, həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır.
İndi isə sözümü bitirirəm, çünki mənə ilkin təqdimat üçün 5 dəqiqə vaxtın ayrılacağı söylənilmişdir və sonra suallarınızı məmnuniyyətlə cavablandıracam. Sağ olun.
X X X
Moderator Yan BREMMER: Sağ olun, cənab Prezident. Gəlin, regionla bağlı müzakirələrimizi davam etdirək və Gürcüstana keçək.
İndi isə sözü Gürcüstanın Baş naziri Giorgi Kvirikaşviliyə verirəm.
Gürcüstanın Baş naziri Giorgi KVİRİKAŞVİLİ dedi:
-Təşəkkür edirəm. Əvvəlcə, Avropa İttifaqı qarşısında olan çağırışlara toxunmaq istəyirəm. Ümumilikdə biz burada Avrasiyada olan təhlükələrdən bəhs edirik. Çağırışlar fərqli və müxtəlif istiqamətlidir. Burada qaynar və dondurulmuş münaqişələr mövcuddur və bu fonda kiçik dövlətlərin sabitliyi olduqca vacib məsələdir. Bu səbəbdən istərdim, Gürcüstanı misal gətirim. Biz bütün çox ciddi çağırışlara baxmayaraq, Avropa və Avratlantik ailənin üzvü olmağa və sabit gələcək qurmağa çalışan ölkəyik və bu çağırışlar kifayət qədər ciddidir. Gürcüstanın ərazi bütövlüyü pozulub, tarixi ərazilərimizin ikisi Rusiya tərəfindən işğal edilib. Lakin bunlara baxmayaraq, biz ilk olaraq xarici siyasət hədəflərimizlə bağlı ardıcıl mövqe tutmağa və problemlərimizin uzunmüddətli həllinin təməlinin qoyulması üçün konstruktivlik nümayiş etdirməyə çalışırıq.
Gürcüstan bu yaxınlarda Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalayıb və həmin sənədin bir hissəsi hərtərəfli azad ticarət sazişinin dərinləşdirilməsidir. Bizim NATO strukturları ilə inteqrasiyamız artmaqdadır, biz Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edirik və buna ən böyük töhfə verən dövlətlərdənik. Bununla yanaşı, biz Avropa İttifaqı ilə birlikdə Mərkəzi Afrikada sülhməramlı əməliyyatlarda iştirak edirik. Yəni, biz tədricən Avropa nizamının tərkib hissəsinə çevrilirik. Bu, sadəcə söz xatirinə deyilmir. Gürcüstan Avropa standartlarına çox uyğun olan sistem yaratmaqdadır.
Bununla belə, regional əməkdaşlıq Cənubi Qafqazın sabitliyinin təməl daşıdır. Burada Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi gözəl layihələrimiz var. Bizim Avropanı Asiya ilə birləşdirən İpək Yolu İqtisadi Kəməri - “Bir kəmər-Bir yol” təşəbbüsündən qaynaqlanan imkanlarımız var.
Onu da qeyd etməliyəm ki, Gürcüstan Avropa İttifaqının və Avropanın ən şərqində yerləşən xristian ölkəsidir. Biz tarixən Avropa ölkəsi olmuşuq. Biz bütün qonşularımız və Avropa İttifaqı ilə azad ticarət haqqında sazişlər imzalamışıq. Bu yaxınlarda isə Çin ilə azad ticarət haqqında danışıqları yekunlaşdırmışıq.
Bizim əhalimizin sayı 3,8 milyondur və azad, açıq iqtisadiyyata malik ölkəyik. Bir neçə gün bundan əvvəl “İrs Fondu” reytinqlə bağlı yeni hesabat dərc etmişdir. Həmin hesabata görə, Gürcüstan dünyada ən azad iqtisadiyyata malik olan dövlətlər sırasında 13-cü yerdədir. Dünya Bankının “Doing business” reytinqinə görə, biz 16-cı yerdəyik. Demokratiya sahəsində də reytinqlə bağlı biz güclü mövqeyə malik ölkəyik. Biz Assosiasiya Sazişindən irəli gələn tövsiyələrə uyğun olaraq, göstəricilərimizi tədricən yaxşılaşdırırıq.
Başlıcası isə odur ki, bizim xarici siyasətlə bağlı məqsədlərimiz daxili islahatlara dair gündəliyimizi də müəyyənləşdirir. Bu gündəlik olduqca genişdir. Ölkəmiz üçün təhsil bir nömrəli prioritetdir. Bu sahədə tələb və təklif arasındakı fərqi aradan qaldırmağa çalışırıq. Biz peşə təhsilinə böyük əhəmiyyət verir və bu sahəni Almaniya-İsveç-Avstriya modeli üzrə ikili təhsil sistemi əsasında inkişaf etdiririk.
İdarəçilik sahəsində islahatların aparılması ən mühüm prioritetlərdən biridir. “Elektron hökumət” sahəsində Estoniyanın təcrübəsindən istifadə edirik, “bir pəncərə” konsepsiyasını tətbiq etmişik. Vergi sistemimizi liberallaşdırmışıq, cari il yanvarın 1-dən biz vergi gəlirlərini ləğv etmiş və yalnız dividendlərə olan vergini qüvvədə saxlamışıq.
İnfrastrukturun müasirləşdirilməsinə böyük sərmayələr qoymuşuq və təbii ki, vacib regional layihələri bir daha qeyd etmək istərdim. Çünki biz Şərq ilə Qərbin kəsişməsində, Rusiya və Yaxın Şərq arasında yerləşirik. Yəni, regional əməkdaşlıq və regional sabitlik bölgəmizin sabitliyinin təməl daşı olmaqda davam edir. Çağırışların fonunda biz mövcud resurslardan istifadə edərək kifayət qədər sabitlik və ölkələrimiz üçün uzunmüddətli inkişaf perspektivlərinin yaradılması nümunəsini nümayiş etdiririk. Çox sağ olun.
Moderator Yan BREMMER: İndi isə sözü cənab Tokayevə verirəm.
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV dedi:
-Təşəkkür edirəm. Qazaxıstan postsovet məkanında ikinci ən böyük iqtisadiyyata malik, beynəlxalq əməkdaşlığa açıq olan ölkədir. Biz yaxın qonşularımızla - Rusiya və Çin ilə gözəl münasibətlərə malik olmağımızla fərəhlənirik. Bu, bizim üçün təhlükəsizlik və uğurlu iqtisadi inkişafla bağlı olan məsələdir. Biz yaxın qonşularımızla yaxşı, proqnozlaşdırıla bilən və dost münasibətlərin əhəmiyyətini tam olaraq anlayırıq. Qazaxıstanın Rusiya ilə ən uzun quru sərhədlərinin demarkasiyası başa çatdıqdan və hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edildikdən bəri bizim bütün qonşularımızla heç bir ərazi problemimiz yoxdur. Eyni məsələni bizim Çin və Mərkəzi Asiya dövlətləri ilə sərhədlərimiz haqqında da demək olar. Biz islahatları davam etdiririk. Qazaxıstan islahatçı dövlət olaraq inanır ki, biz cəmiyyətimizin iqtisadi və siyasi sahələrdə transformasiyası prosesini dayandırmamalıyıq. Əminik, struktur islahatları istənilən halda davam etdirilməlidir ki, Qazaxıstan dünyanın 30 ən inkişaf etmiş ölkəsi sırasına daxil olsun. Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Biz dünyanın universal və əvəzolunmaz təşkilatı olan BMT ilə əməkdaşlığa xüsusi əhəmiyyət veririk.
BMT çərçivəsində bizim prioritetlərimizə nüvə materiallarının və silahların yayılmasının qarşısının alınması daxildir. Çünki biz nüvə silahlarının terrorçuların əlinə keçə bilməsindən narahatıq. Əgər nüvə materialları və hətta silahları “Boko Haram” və ya digər bir terror təşkilatı tərəfindən ələ keçirilsə, hazırkı dünya nizamı tamamilə dağıla bilər. Bu səbəbdən ən azı bizim regionumuzda təhlükəsizliyin təmin edilməsi prioritetlərdən biridir. Qazaxıstan Asiyada Etimad Tədbirlərinin Artırılması Təşkilatında və Şanxay Əməkdaşlıq Təşkilatında da olduqca fəaldır.
Avrasiyada iqtisadi əməkdaşlıq məsələsinə gəldikdə, mən Çinin “Bir kəmər-Bir yol” konsepsiyasını vurğulamaq istərdim. Bu konsepsiya Çinin Sədri Si Cinpin tərəfindən 2013-cü ildə Astanada elan edilmişdir. Biz hesab edirik ki, bu, çox perspektivli konsepsiyadır. Çünki bu, Avrasiyada, Çinin ətrafında olan dövlətlərə Qazaxıstan ərazisindən öz mallarının nəqli üçün geniş imkanlar verəcək. Yəni, Qazaxıstanın tranzit dövlətə çevrilməsi gözlənilir.
Hazırkı iqtisadi əməkdaşlıq şəraitində tranzit dövlət olmaq çox vacib və perspektivli məsələdir. Bu, neft və qaz ixrac etməkdən də sərfəlidir. Bu gün bir çox dövlətlər öz ərazisi ilə müxtəlif mal və əmtəə məhsullarının nəqlinə çalışırlar. Hesab edirik ki, növbəti beş il ərzində Çin Qazaxıstan ərazisi ilə Avropaya 100 mindən artıq konteyner nəql edəcəkdir. Təbii ki, bu, ticarət zənciridir. “Bir kəmər-Bir yol” konsepsiyası çərçivəsində Rusiyanın rolu çox böyük olacaqdır. Bu, mənim qısa qeydlərim idi. Çox sağ olun.
Moderator Yan BREMMER: Minnətdaram. İndi isə sözü Ukraynadan Arseni Yatsenyuka verirəm.
Ukraynanın keçmiş Baş naziri Arseni YATSENYUK dedi:
-Mən Avrasiyada qırılma xətləri mövzusuna qayıtmaq istəyirəm. Xatırlatmaq istərdim ki, 10 il bundan öncə Prezident Putin Münxen Təhlükəsizlik Konfransında özünün çağırışlarla dolu məşhur çıxışını etmişdir. Azad dünyada bəziləri bunun sadəcə bir çıxış olduğunu zənn etdilər. Lakin görün, nələr baş verdi. Rusiya Federasiyası Gürcüstanın ərazisinin bir hissəsini işğal etdi. Rusiya Avropada Adi Silahlı Qüvvələr Haqqında Sazişin həyata keçirilməsini dayandırdı və daha sonra bu sazişdən imtina etdi. Rusiya beynəlxalq səviyyəli cinayət törədərək Krımı ilhaq etdi, Donetskə və Luqanska öz ordusunu yeritdi. Rusiya azad dünyaya qarşı kibermüharibə aparır. O, təbliğat müharibəsi aparaq seçkilərə müdaxilə edir və bunu Avropada keçiriləcək seçkilərlə də bağlı edəcək.
Yəni, biz olduqca təhlükəli dünyada yaşayırıq və qırılma xətti məhz Rusiyadan keçir. Mən ukraynalılar adından deyə bilərəm ki, bizim ölkəmiz Rusiya tərəfindən başlanılan müharibə vəziyyətindədir. Biz on min insanı və Ukrayna iqtisadiyyatının 20 faizini itirmişik. Biz Krımı, praktiki olaraq, Donetski və Luqanskı itirdik. Biz Rusiya ordusunun qarşısını alan yeganə dövlət olduq. Bu gün söhbət azad dünyanın dəyərləri və təkcə Ukraynanın deyil, bu masa ətrafında təmsil olunan hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün taleyindən gedir.
Burada nə edilməlidir? Ən yaxşı seçim bizim bir olmağımız və demokratiya, azad dünya, azad media kimi dəyərlərimizə sadiq qalmağımızdır. Biz hər bir ölkəni dəstəkləməli, birgə cavab tədbirləri görməli və səylər göstərməliyik. Ukrayna xalqı olaraq, biz çağırışlarla dolu dönəmdə yaşayırıq. Rusiyanın hərbi təcavüzünə baxmayaraq, biz böyük iqtisadi islahatlar həyata keçiririk. Biz bir il ərzində büdcə kəsirini 10 faizdən 3 faizə endirə bilmişik. Biz dörd qənaət paketini qəbul etmişik ki, onlar hətta Yunanıstanda qəbul edilənlərdən daha sərt olmuşdur.
Bu gün iqtisadiyyatımız yenidən dirçəlir. Lakin bu gün mənim ölkəm və azad dünyanın hər bir üzvü üçün ən vacib məsələ Rusiyanın təkcə əməkdaşlığa sövq edilməsi deyil, öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə məcbur olunmasıdır. Rusiya qonşularını hədələməməli, BMT Nizamnaməsinə və Ukraynanın simasında müstəqil dövlətlərə hörmətlə yanaşmalıdır.
Moderator Yan BREMMER: Təşəkkür edirəm. Buyurun, nəhayət, Estoniya Prezidenti xanım Kalyulayd.
Estoniya Prezidenti xanım Kersti KALYULAYD dedi:
-Cənab Bremmer, çox maraqlı giriş nitqinizə görə təşəkkür edirəm. Burada qeyd etdiniz ki, Avrasiyada xalqlar mehriban qonşuluq şəraitində yaşamağı öyrəniblər və qonşuları ilə münasibətləri normaldır. Avrasiya deyiləndə Avropa və Asiya nəzərdə tutulur. Burada isə Gürcüstan və Ukrayna təmsil olunur və mənə maraqlıdır ki, mehriban qonşuluq deyəndə bu ölkələrin timsalında bunu demək olarmı? Bu ölkələrə gəldikdə nələr baş verdi. Bu dövlətlər çox vacib xətdə yerləşirlər, bilmirəm, bu, qırılma xətti idi, yoxsa yox. İstənilən halda bu xalqlar Qərbə, demokratik dəyərlərə sadiq sistemə mənsub olmaqla bağlı demokratik iradələrini ifadə etdilər və nəticədə hər iki ölkə buna görə cəzalandırıldı. Bax, bu, əsl qırılma xəttidir və onun yenidən geri çəkilməsi üçün nələr etməli olduğumuz üzərində diqqətlə düşünməliyik.
Bu masa ətrafında olan ölkələr Baltik dənizindən Pamir dağlarına qədər olan coğrafiyanı əhatə edir və dünən NATO-ya həsr olunmuş paneldə iştirak edən Brüsseldən gəlmiş beş Avropa ölkəsinin müdafiə nazirlərinin iki gün ərzində məşq etdikləri bənzər çıxışlarının səsləndiyi tədbirdən daha fərqlidir. Əminəm ki, bu paneldə səslənən fikirlər tamamilə fərqli olacaq.
Hesab edirəm ki, bazar iqtisadiyyatı və qanunun aliliyinin təmin edilməsi müəyyən mənada xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Lakin bundan sonra dövlət daha da dərindən inkişaf etməli, insanlara söz azadlığı verilməli, insan hüquqları və ölkədə korrupsiyanın aşağı səviyyədə olması təmin edilməlidir. Mən bunu öz təcrübəmizdən irəli gələrək deyirəm. Çünki Sovet İttifaqı adlanan həbsxanadan azad olan digər ölkələr kimi bizim də yardıma ehtiyacımız var idi. Lakin son 25 ildə demokratik dövlətlər bizə maliyyə yardımları etdi, zəruri institutların yaradılmasında kömək göstərdi. Onlar təsəvvür edə bilməzdilər ki, 25 ildən sonra Estoniya rəqəmsal ölkə olaraq artıq həmin Qərbi Avropa dövlətlərinə nə isə öyrədəcək. Bizim üçün borcu qaytarmağın zamanıdır.
Bir neçə onillik ərzində Sovet İttifaqının tərkibində yaşamış müxtəlif dövlətlərin inkişaf yoluna nəzər saldıqda belə bir nəticə hasil olur. İnsanlar tam azadlığa malik olduqlarını nə qədər tez dərk etsələr, heç şübhəsiz ki, ölkədəki vəziyyət bir o qədər yaxşı olar. Bilmirəm, bu, niyə belədir? Ola bilsin, bizim tariximizə görə. Ancaq biz Sovet İttifaqından yalnız müstəqil olmağımız üçün mübarizə aparmamışıq. Biz söz azadlığı hüququ uğrunda mübarizə aparmışıq. Sovet dönəmində bu, yox idi. Biz biznesin inkişaf etdirilməsi hüququ uğrunda mübarizə aparmışıq. Sovet dönəmində bu da yox idi. Biz bunların uğrunda sülh yolu ilə mübarizə aparmışıq. Mən “sülh” ifadəsinə görə burada üzr istəyirəm. Çünki burada mənim qonşularım sözün əsl mənasında döyüşüblər. Biz unutmamalıyıq ki, qırılma xətti daimi deyil və o, dəyişə bilər. Lakin istənilən halda inkişaf istiqaməti ilə bağlı son söz xalqın olmalıdır.
Moderator Yan BREMMER: Şadam ki, müzakirələr üçün kifayət qədər vaxtımız və müzakirə olunası çoxlu məsələlərimiz var. Panel iştirakçılarının təqdimatları çox fərqli oldu və bu mövzuları daha da dərindən müzakirə etmək istərdim. Xanım Prezidentin dediyinə cavab olaraq, bildirmək istərdim ki, mən ölkələrin ideoloji olaraq digərlərinə hansı sistemi seçməklə bağlı təzyiq etməməsini müsbət məqam kimi qeyd etdim. Ancaq bununla yanaşı, qeyd etdim ki, müharibələr, müdaxilələr və digər hallar təəssüf ki, mövcuddur. Lakin mən yenə də müsbət məqamdan başlayacağam. Hesab edirəm ki, biz Rusiya haqqında mütləq danışmalıyıq. Çünki paneldə iştirak edənlərin bu mövzuda olduqca əhəmiyyətli şəxsi fikirləri var.
Mən cənab Tokayevə müraciət etmək istəyirəm. Sayca ən çox rus əhalisi məhz sizin ölkədə yaşayır. Bununla yanaşı, siz istər daxildə, istərsə də Rusiya ilə münasibətlərdə mehriban birgəyaşayışı təmin edə bilmisiniz. Burada Rusiya ilə daha mürəkkəb münasibətlərə malik olan həmkarlarınızın fikirlərini eşidəcəyik, lakin Qazaxıstanın buna necə nail olması ilə bağlı sizin təcrübəniz haqqında eşitmək istərdik.
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Biz tarixən müxtəlif mədəniyyətlərə və dinlərə qarşı tolerant olmuşuq. Biz fərqli mədəniyyətlərin heç birinə etinasız yanaşmırıq. Dil məsələsinə gəldikdə, biz ilk gündən bəyan etdik ki, ölkədə dövlət dili qazax dili olacaqdır. Prezidentimiz konstitusiyamızda rus dilinin rəsmi dil kimi qəbul edilməsi fikrini irəli sürdü. Çünki rus dili ölkəmizdə olduqca geniş yayılıb və bunun bizim üçün bir sərvət olduğunu düşünürəm. Fikrimcə, istənilən dilə qarşı mübarizə aparmaq çox ağılsız bir işdir. Özümüz, əhalimiz nə qədər çox dil bilsə, bir o qədər yaxşıdır.
Bu gün biz ölkədə ingilis dilini üçüncü qeyri-rəsmi dil kimi təşviq edirik. Ancaq gələcəkdə ola bilsin ki, o, Qazaxıstanın rəsmi dillərindən biri olsun. Biz anlayırıq ki, gənc nəsil üçün ingilis dilini bilmək çox vacibdir. Beləliklə, müdriklik, tolerantlıq və dərrakə ölkədə sabitliyin qorunması üçün təminatlardan biridir. Ölkədə sabitlik olmasa, iqtisadi islahatların aparılması mümkün olmaz. Hesab edirik ki, Qazaxıstanda olan dini anlaşma da çox vacibdir. Çünki iqtisadi islahatların irəliləməsi üçün bütün imkanlardan istifadə edilməsi çox vacibdir. Bu səbəbdən Qazaxıstan ənənəvi dünya dinlərinin rəhbərlərinin zirvə görüşlərini təşkil edir ki, həm din xadimləri, həm də siyasətçilər bir araya gələrək qlobal müstəvidə sülh və tolerantlığı müzakirə etsinlər.
Sonuncu belə zirvə toplantısında BMT-nin baş katibi, İordaniya Kralı, Finlandiya Prezidenti və mühüm beynəlxalq təşkilatların rəhbərləri iştirak etmiş, Avrasiya və daha geniş coğrafiyada sülh, təhlükəsizlik və sabitlik məsələləri ətrafında müzakirələr aparmışlar.
Moderator Yan BREMMER: Bu, yaxşı xəbərlər kateqoriyasına daxil olanlar idi. Bütün digər iştirakçılar bu və ya digər mənada müdaxilə ilə üzləşmiş, bəzi hallarda isə Rusiya ilə bilavasitə müharibə şəraitində olmuşlar. Sualım belədir - təhlükənin səbəbləri nədir? Ötən il ərzində bir çoxları Putini geosiyasi qalib hesab etdilər. Onun təsir imkanlarının genişləndiyi iddia edilir. Həqiqətənmi Putin fərd olaraq güclənib, yoxsa Rusiyanın iqtisadiyyatı zəifləyib? Bəlkə bu, sovet dönəmindən qalma imperialist ab-havasıdır? Fikrinizcə, regionda Rusiya ilə bağlı çağırışların kökündə nə dayanır? Bəlkə kənardan kifayət qədər beynəlxalq dəstək yoxdur? Gəlin, ən çox çağırışlarla üzləşmiş şəxs kimi sözü keçmiş Baş nazir Yatsenyuka verək.
Ukraynanın keçmiş Baş naziri Arseni YATSENYUK: Gəlin, açıq danışaq, Prezident Putin dünyanı idarə etmək istəyir, ən azından onun bir hissəsini. O, açıq şəkildə bəyan etmişdir ki, Rusiya Federasiyası təsir dairələrini bərpa etmək istəyir. Zənnimcə, Rusiya Prezidenti Sovet İttifaqına bənzər bir birlik və ya imperiyanın yaradılması arzusu ilə yaşayır. Bu səbəbdən Putin Ukraynanı işğal etmək qərarına gəldi. Bu, dil məsələsi deyil. Mənim ölkəmdə hər kəs rus dilində danışır, ancaq heç əmin deyiləm ki, hər bir rus Ukrayna dilini bilir.
Bu, geosiyasət məsələsidir. O, azad dünyaya meydan oxuyur. Burada söhbət Putinin gücündən deyil, dünyanın zəifliyindən gedir. Mən bir daha əvvəlki fikrə qayıtmaq istəyirəm. Biz nə qədər güclü, bir olsaq, o qədər gec-gec NATO-nun köhnəlmiş olduğunu söyləmiş və daha az BREXİT ilə üzləşmiş olarıq. Beləliklə, azad dünyanın və demokratiyanın inkişaf etmək imkanı olar.
Prezident Putinin geosiyasi məqsədi qonşular və digər dövlətlər, hətta Avropa İttifaqı üzərində təsir imkanları əldə etməkdir. Onlar Avropa İttifaqı daxilində parçalanmaya nail olmaq və Avropa İttifaqı ilə ABŞ arasında birliyi sarsıtmaq üçün əllərindən gələni edirlər. Ancaq mənim ölkəm böyük əzmkarlıq nümayiş etdirdi. Biz müstəqilliyimiz uğrunda döyüşürük. Biz gələcəyimizə, suverenliyimizə, xalqımıza və həqiqi dəyərlərimizə inanırıq. Biz bütün dünyaya Ukrayna xalqının Avropa bayrağı altında, Avropa dəyərləri naminə necə mübarizə aparmağa qadir olduğunu nümayiş etdirdik və biz bunu qanımız bahasına etdik.
Moderator Yan BREMMER: Bu konfransda amerikalıların və avropalıların, azad dünyanın liderlərinin səsləndirdikləri fikirlər Ukraynanın gələcək mövqeyinə təsir etdimi? Putinin nəyə nail olub-olmayacağı ilə bağlı hansı qənaətə gəldiniz?
Ukraynanın keçmiş Baş naziri Arseni YATSENYUK: Birmənalı demək çətindir. Əvvəlcə, ABŞ-ın yeni administrasiyasından başlamaq istərdim. Yaxşı xəbər ondan ibarətdir ki, Prezident Tramp Krımın Rusiya tərəfindən qeyri-qanuni işğalını şəxsən tanımışdır. ABŞ-ın müdafiə naziri Mettis Ukraynanı dəstəklədiyini açıq bəyan etmiş, NATO-nun baş katibi də eyni mesajı səsləndirmişdir. Avropa İttifaqında demokratiyanın güclü mərkəzini təmsil edən və nüfuzlu dünya liderlərindən olan Kansler Merkel Rusiyanı Minsk razılaşmasına tam əməl etməyə təkidlə və açıq şəkildə çağıranlardandır. Yəni, atəşkəsə tam riayət olunması, Rusiya qoşunlarının çıxarılması, Ukrayna sərhədlərinin və Ukraynanın müstəqilliyinin bərpası. Yəni, müsbət məqam ondan ibarətdir ki, ABŞ və Avropa İttifaqı, zənnimcə, eyni mövqedən çıxış edir və əvvəlki siyasəti davam etdirir. Bu siyasət Ukrayna kimi müstəqil ölkələrin müdafiəsidir.
Moderator Yan BREMMER: Sualım Estoniya Prezidentinədir. Rusiyanın sizin ölkə ilə bağlı hansı təhlükələr, çağırışlar yaratdığına nəzər saldıqda biz tarixən daha çox NATO tərəfindən daha güclü zəmanətin verilməsinə ehtiyacın olduğunu, Rusiyaya məxsus anklavın mövcudluğunu, silahlı qüvvələr, işğal kimi məsələləri görürük. Bu gün isə kibermüharibə, Avropada seçkilər zamanı ultrasağçı siyasi qüvvələrin dəstəklənməsi kimi məsələlər meydana gəlir. Rusiya ilə bağlı çağırışlar texnoloji imkanların artmasından qaynaqlanırmı? Onlar dəyişir, inkişaf edirmi? NATO belə bir çağırışa cavab vermək iqtidarındadırmı? Bu, bütün avropalıların qəbul etdiyi vahid amal anlamına gəlirmi? Çünki onların çoxu belə bir potensial təhlükəni görürlər. Yəni, ruslar Fransada seçkilərə müdaxilə edəcəklərsə, bununla mübarizə aparmaq Estoniya ilə digər Avropa dövlətləri arasında vahid amal yaradırmı? 2017-ci ildə bununla bağlı nə düşünməliyik?
Estoniya Prezidenti xanım Kersti KALYULAYD: Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Siz qeyd etdiniz ki, buradakıların hər biri Rusiya tərəfindən müxtəlif müdaxilənin qurbanı olub. Bizim bu mənada bəxtimiz gətirib, 2007-ci ildəki kiberhücumdan başqa hər hansı bir müdaxiləyə məruz qalmamışıq. Bunun səbəbi bizim NATO-ya üzv dövlət olmağımızdır və təşkilata üzv olan heç bir ölkə hərbi hücumun qurbanı ola bilməz. Mən əminəm ki, bu, belə olaraq qalır. Həqiqətən NATO regionda mövcud risklərlə bağlı adekvat addımlar atmalıdır. Bildiyiniz kimi, Varşava zirvə görüşü, qəbul edilmiş qərarlar və onların icrası bu gün özümüzü coğrafi baxımdan təhlükəsiz hiss etməyimizə və diqqətimizi digər risklərə yönəltməyimizə kifayətdir. Bayaq da söhbət etdiyimiz kimi, maraqlıdır ki, builki Münxen Təhlükəsizlik Konfransının əsas mövzusu Baltik regionu ölkələri və həmin regiona qarşı bilavasitə Rusiya təhlükəsi deyil. Hər halda bu, məhz belədir və bu region ön cəbhə hesab edilmir. Ümumiyyətlə, ön cəbhə məfhumu prinsipcə aradan qalxıb. Bu gün biz artıq kibertəhlükə haqqında danışırıq. Hətta bu anlam da iki yerə bölünür - ənənəvi kiberhücumlar, yəni, sistem və serverlərə qarşı və daha çox qeyri-fiziki hücumlar, bir də media müharibəsi və mediaya qarşı kiberhücumlar.
Bu haqda konfrans zamanı çox danışıldı. Zənnimcə, belə bir təhlükə qarşısında insanlar özlərini olduqca aciz hiss edirlər. Çünki onunla mübarizə aparmaq üsullarını bilmirik. Hər bir məsələ strateji informasiya və kommunikasiya hesab oluna bilər. Lakin vaxt gəlir ki, bu, heç də belə olmur. Ancaq bununla vəziyyətin mürəkkəbliyi heç də azalmır. Məsələn, seçkilərin keçirildiyi şəraitdə. 2017-ci ildə Avropada vacib seçkilər keçiriləcək. Estoniyanın rəqəmsal təcrübəsindən çıxış edərək deyə bilərik ki, hər hansı bir ciddi təhlükə varsa nə etməlisiniz? Burada hər hansı bir kompüter proqramını işə salmaq olarmı? Bəlkə də olar, ancaq daha sonra bunun sistemli üsulu müəyyənləşdirilməlidir.
Bu gün bununla bağlı nələr etməliyik? İnsanlar seçkilərdə iştirak edərkən həmin risklərdən xəbərdar olmalıdırlar və məncə, Almaniyada bu, məhz belədir. Mən Almaniya Müdafiə Nazirliyi binasının divarında ölkənin azadlığının gələcəkdə həm də kibermüstəvidə müəyyən ediləcəyi ilə bağlı şüarı oxudum. Bu, o deməkdir ki, siz bu riskləri anlayırsınız.
Bu halda - kiberhücum, uydurma xəbərlər, kompromatların yayıldığı halda ilk müdafiə xətti belə bir təhlükənin səmimi etiraf olunmasıdır. Ancaq bu gün kompromata nə gərək var ki? Bu gün bir namizədlə bağlı qorxunc uydurma məlumatın yayılması həmin namizədin gələcəyini məhv edə bilər. Özünüz bu prosesin daxilindəsinizsə, siz artıq hansısa mövzunun yalan olması ilə bağlı mübahisəyə başlayırsınız. Ona görə də artıq bu gün biz demokratiyamızı qorumaq üçün razılığa gələrək vəd etməliyik ki, opponentim hücuma məruz qalanda mən kənara çəkilməyəcəyəm. Opponentimlə birgə bu hücumu pisləyəcəyəm və ondan seçki kampaniyası zamanı öz mənafeyim naminə istifadə etməyəcəyəm. Əvvəlcədən belə bir vəd verilmiş olsa, belə bir kompüter proqramı meydana gəlir. Ola bilsin ki, bu mükəmməl proqram deyil, çünki bəzən ən inanılmaz xəbər doğru ola bilər. Bəzi insanlar özləri hücumun qurbanı olmayana qədər bu üsulu dəstəkləməyə bilərlər. Ancaq sonra belə olan halda onlara sual verilməlidir ki, niyə bu yanaşmanı əvvəldən dəstəkləmirdiniz?
Moderator Yan BREMMER: Xanım Prezident, bunu özlərinə bilavasitə təhlükə hesab edən avropalıların və amerikalıların reaksiyasını görəndən sonra Rusiyanın da bu mövzuda mövqeyi qeyri-müəyyəndir. Kibertəhlükə ilə bağlı mübarizə yalnız NATO çərçivəsində olmalıdır, yoxsa səmərəli, birgə, ümumavropa tədbirlərinə ehtiyac vardır?
Estoniya Prezidenti Kersti KALYULAYD: Çıxışımda məsələnin hərbi aspektini kənara qoyaraq, daha çox mülki fəsadlardan danışdım. Ancaq NATO və Avropa razılaşır ki, burada o qədər də böyük fərq yoxdur. Biz bir yerdə işləməliyik. NATO-nun Riqada Strateji Kommunikasiya üzrə Təlim Mərkəzi və Tallində Kibertəhlükəsizlik üzrə Təlim Mərkəzi fəaliyyət göstərir. Avropa İttifaqının da strateji kommunikasiya üzrə Şərq və Qərb mərkəzləri mövcuddur. Bu problemlə hamı məşğul olur. Bu problem hər yerdə, bütün azad cəmiyyətlərdə var. Bu gün virtual müstəvidə hər yerdə müharibə var. Müharibə aparmaq üçün kifayət qədər virtual meydan tapmaq olar.
Zənnimcə, Almaniyanın müdafiə naziri xanım Leyen çıxışında məhz bu mesajı çatdırmaq istəyirdi. O, bir növ əks-hücuma keçərək Almaniya qoşunlarının Şərqdə yerləşdirilməsinin mümkünlüyü iddiasına cavab verdi. Yəni, siz özünüz şəffaf şəkildə bu mövzudan sui-istifadə oluna biləcəyini bəyan edirsiniz, lakin buna yol vermirsiniz.
Moderator Yan BREMMER: Cənab Kvirikaşvili, NATO sualını sizə də aid etmək olar. Sizin də bu təşkilata qoşulmaqda çoxdan marağınız var. Bu, sizin üçün də çağırışlarla dolu bir prosesdir. Bu mövzu bu gün nə dərəcədə aktualdır və Rusiya ilə münasibətlərin gələcəyini necə görürsünüz?
Gürcüstanın Baş naziri Giorgi KVİRİKAŞVİLİ: Əvvəlcə, Gürcüstanın Rusiya ilə beşgünlük müharibəsinin tarixinə qayıtmaq istərdim. Bu hadisə 2008-ci ildə baş vermişdir. Minlərlə hərbçimiz həlak oldu. Biz mövqeyimizi qoruduq, ancaq kiçik ölkə olduğumuzdan nəticədə ərazimizdə yenidən Rusiya hərbi bazaları peyda oldu. Cenevrə Beynəlxalq Müzakirələr Formatı yaradılmışdır, ATƏT, Avropa İttifaqı, BMT kimi təşkilatlar həmin formatda təmsil olunur. Təəssüflər ki, bir neçə ildə demək olar, heç bir irəliləyiş əldə edilməmişdir.
Altı il sonra - 2014-cü ildə Rusiya bu hərəkətlərini Ukraynada təkrar etdi. Burada dərs ondan ibarətdir ki, təkcə regionumuzda deyil, bütün qitədə sabitliyin və təhlükəsizliyin bərqərar olunmasının təməl daşı ərazi bütövlüyü məsələsidir. Ölkələrin dövlət sərhədlərinin yenidən nəzərdən keçirilməsi çox təhlükəli haldır.
Bu gün biz elə bir vəziyyətdəyik ki, ərazimizdə sədlər yaradılıb, etnik gürcülər gündəlik əsasda qondarma sərhədləri pozduqlarına görə həbs olunur, onlar ana dilində təhsil almaq hüququndan məhrum ediliblər. İqtisadi sahədə müəyyən irəliləyiş istisna olmaqla, 2012-ci ildən etibarən bizim çox ardıcıl və çox konstruktiv mövqeyimizə baxmayaraq, heç bir siyasi irəliləyiş əldə edilməmişdir. Qondarma Abxaziya və Cənubi Osetiya ilə inteqrasiya sazişləri bağlanılır, onların silahlı qüvvələri və hüquq mühafizə orqanları Rusiyanın müvafiq inzibati məkanına daxil edilir, strukturları tərəfindən özününküləşdirilir və bu proses davam etməkdədir. Bunun həlli yolu nədir? Təəssüf ki, bu suala cavabım yoxdur. Verə biləcəyim yeganə cavab da virtualdır: bu cür təhlükələrə qarşı sivil dünyanın birliyi.
NATO-ya üzvlük məsələsi bizim xalqımız üçün ən əhəmiyyətli məsələ deyil. Lakin bu, müəyyən dəyər və prinsiplərə malik olan ölkələrdən ibarət bir ailədir və Gürcüstan hesab edir ki, onun yeri məhz oradadır. Dediyim kimi, bu, bizim xarici siyasət hədəflərinə daxil olan məsələ deyil, ancaq bu, Gürcüstanın mövcudluğu ilə bağlı ehtiyacları və daxili islahatların təbiətini müəyyən edir. Biz hesab edirik ki, NATO və Avropa bizim mənsub olduğumuz ailədir. Bu məsələdə biz olduqca tədricən hərəkət edir və çox ardıcıl addımlar atırıq. Eyni zamanda, biz çox səbirliyik. Hesab edirik ki, bu yolda ardıcıl, ideyaya sadiq və həmçinin konstruktiv olduğumuz halda bir gün Gürcüstan üçün belə bir imkan yaranacaqdır.
Biz mesaj verməyə çalışırıq ki, heç bir üzvlük müqabilində düşmənçilik istəmirik. Biz ərazi bütövlüyümüzün və suverenliyimizin reallaşdırılmasını istəyirik. Suverenlik isə bu və ya digər kluba üzv olmaqla bağlı xalqın suveren qərarıdır. Biz isə artıq qərarımızı vermişik.
Moderator Yan BREMMER: Sualım Prezident Əliyevədir. Aylardır ki, bu sualı Sizə vermək istəyirəm. Siz ən qeyri-mümkün ola biləcək geosiyasi vəziyyətdən çıxdınız. Söhbət Türkiyənin rus təyyarəsini vurması və ruslarla türklərin bir-birinin yaxasından yapışmasından gedir. Sonra isə demək olar ki, bir gecədə bu münasibətlər çox sıx oldu. Azərbaycan Prezidenti olaraq, bu təcrübəni yaşamaq necə idi? Buradakı hər bir kəslə rəsmi Bakının mövqeyindən irəli gələrək bu proses haqqında fikirlərinizi paylaşa bilərsinizmi? Çünki hesab edirəm ki, hər kəs bunu bilmək istəyir.
Prezident İlham ƏLİYEV: Bilirsiniz, biz beynəlxalq ictimaiyyətin diqqətinə, ola bilsin, o qədər də çarpmayan belə bir vəziyyətlə üzləşirik. Bu, bizim coğrafiyamızdır. Giriş çıxışımda qeyd etdim ki, bizim coğrafiyamız Asiya, Avropa və regionda ənənəvi qüvvələr arasındadır. Azərbaycan Fars imperiyasının, Rusiya imperiyasının, qismən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Bu gün bu üç ölkə bizim birbaşa qonşularımızdır. Bu üç ölkə ilə bizim çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və praqmatizmə, bizim milli maraqlarımıza əsaslanır. Buna görə də Azərbaycan üçün ən pis ssenari qonşularımız arasında hansısa bir pis hadisənin baş verməsidir. Məsələn, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verdikdə və ya bu yaxınlarda qeyd etdiyiniz həmin hadisə zamanı olduğu kimi. Biz bunu regional sabitliyə ciddi bir təhlükə hesab edirik. Bizə sabitlik lazımdır. Bizim ölkəmizin daxilində sabitlik var və biz ətrafımızda da sabitlik istəyirik. Çünki biz ada deyilik. Xoşumuza gəlib-gəlməsindən asılı olmayaraq, sərhədlərimiz xaricində baş verənlər bizə də təsir edə bilər, müsbət və ya mənfi şəkildə. Buna görə biz qonşularımıza bu böhrandan çıxış yolunu tapmağa kömək etmək üçün bütün səylərimizdən istifadə etdik, lakin bunu çox ehtiyatla etdik.
Azərbaycanın Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına kömək etmiş ölkələr arasında olması da açıqlanmışdır. İstənilən halda ölkə ilə nə dərəcədə sıx münasibətlərimizin mövcudluğundan asılı olmayaraq, biz həmişə əsas prinsipləri rəhbər tuturuq. Bu prinsiplər beynəlxalq hüquqdur. Beynəlxalq hüquqa əməl olunmalıdır. Beynəlxalq hüququ pozanlar yanlış hərəkət edirlər və biz bunu həmişə vurğulayırıq. Biz ətrafımızda olan və bu masada təmsil olunan bütün ölkələrin ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Biz özümüz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkirik. Buna görə də ərazi bütövlüyü məsələsi bizim üçün toxunulmazdır. Eyni zamanda, biz riskləri azaltmaq üçün hansı işlərin görülə biləcəyini nəzərdən keçirdik. Buna görə Rusiya ilə Türkiyə arasında gərginlik çox ciddi geosiyasi bir risk idi və regionumuz üçün birbaşa risk idi. Bu iki ölkə bizim əsas iqtisadi tərəfdaşımız və qonşumuzdur. Əgər, onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək etmişiksə, düşünürəm ki, biz buna görə təqdir olunmalıyıq.
Lakin sizə deyə bilərəm ki, sabitləşdirici amil kimi Azərbaycanın rolu get-gedə beynəlxalq ictimaiyyət tərəfindən daha da çox tanınır. Sizə bu yaxınların misalını çəkə bilərəm. Sadəcə iki gün bundan əvvəl Bakıda ABŞ ordusunun baş qərargah rəisi cənab Dənford və Rusiya ordusunun baş qərargah rəisi cənab Gerasimovun görüşü olub. Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq buna razı olub-olmamağımız soruşuldu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan və onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir. Burada artıq qeyd olunmuşdur ki, sabitlik istənilən növ inkişaf üçün ən vacib amildir. Sabitliyiniz olmasa sərmayələri, həyat şəraitinin yaxşılaşdırılmasını və əməkdaşlığı unudun.
Bizim siyasətimiz həmişə layihələr vasitəsilə əməkdaşlığa sərmayə yatırmaq idi. Bizim uzun illərdir ki, mövcud olan və çox səmərəli regional əməkdaşlıq formatımız da var. Bu, Azərbaycan, Gürcüstan və Türkiyədir. Biz birlikdə enerji, nəqliyyat və digər layihələri icra edirik və biz güclü müttəfiqlərik. Eyni zamanda, bu gün bizim digər regional əməkdaşlıq formatımız var. Bu, Azərbaycan, İran və Rusiyadır. Azərbaycan dünyada, eyni zamanda, İran və Rusiya ilə sərhədi olan yeganə ölkədir. Onlar ticarət, nəqliyyat, iqtisadi inkişaf və təhlükəsizliklə bağlı sahələrdə bizim təbii tərəfdaşlarımızdır. Buna görə də ümid edirəm, elə bir vaxt gələcək ki, biz bu mövcud regional əməkdaşlığı daha böyük əməkdaşlığa inteqrasiya edə biləcəyik və bu da bütün insanların xeyrinə olacaqdır. Bu, riskləri azaldacaq və əməkdaşlıq üçün daha çox imkanlar yaradacaqdır.
Moderator Yan BREMMER: Bu, çox yaxşı cavab idi və mən buna görə Sizə minnətdaram. Lakin Sizdən şəxsən soruşmaq istəyirəm. Çünki mən bilirəm, Siz uzun müddətdir ki, Ərdoğan ilə necə yaxınsınız və yaxın olmusunuz. İlkin olaraq, demək olar ki, o, hirsli idi. O, heç kimdən üzr istəmək istəmirdi, turizm və ticarət tənəzzüldə idi. Bu, ölkə iqtisadiyyatına çox pis təsir edirdi. Qəfildən olan bu dəyişikliyi Siz nə dərəcədə tez görə bildiniz? Sizcə, onu tanıdığınız qədər bu dəyişiklik uzunmüddətlidirmi, davamlıdırmı və yaxud, bu, instinktiv emosional bir addım idi. Sizin təcrübənizdə bu, necə oldu?
Prezident İlham ƏLİYEV: Fikrimcə, Türkiyə və Rusiya prezidentləri baş verənləri qiymətləndirərək çox düzgün və müdrik bir qərar qəbul etdilər. Çünki bu proses daha çox uzana bilərdi. Əgər proses daha çox uzansaydı, onun əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan nəticələri ola bilərdi. Çünki hərarət çox yüksək idi. Mənim Prezident Ərdoğan ilə söhbətim oldu. Mənim Prezident Putinlə söhbətim oldu. Bilirəm ki, Prezident Nazarbayev çox böyük müvəffəqiyyətlə bu vasitəçilik prosesində fəal iştirak edirdi. Əlbəttə, bu məlumat ictimaiyyətə açıqlanmaq üçün nəzərdə tutulmayıb. Lakin mən şəxsən onlar üçün barışığa getməyin necə çətin olduğunu bilirəm. Bunun baş verməsi faktı onu göstərir ki, bu siyasətçilər öz fəaliyyətində emosiyaları yox, praqmatizmi rəhbər tuturlar. Prezident qismində vəzifəyə keçən kimi siz emosiyalarınızı kənara qoymalısınız. Əgər vəzifəyə emosiyalarla keçsəniz, siz uğur qazanmayacaqsınız, ölkənizdə və regionunuzda bir qarışıqlıq yaradacaqsınız.
Moderator Yan BREMMER: Bundan əvvəl, siz Qazaxıstanı qeyd etdiniz və sədr Tokayev müdaxilə edərək, “mən əlavə edə bilərəm” dedi. Buyurun söz sizindir.
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Sadəcə demək istəyirdim ki, Azərbaycan bu münaqişənin həllində olduqca mühüm rol oynadı. Prezident Əliyevin rəhbərlik etdiyi bu ölkənin coğrafi və ya etnik baxımdan Türkiyəyə və Rusiyaya yaxınlığı Rusiya və Türkiyə prezidentlərinin bir araya gətirilməsində kifayət qədər vacib amil oldu. Eyni zamanda, cənab Prezident, Siz qeyd etdiyiniz kimi, məhz Prezident Nazarbayev cənab Ərdoğanı Rusiya Prezidentinə üzrxahlıq etməsində dilə gətirdi. Nəticə isə tam aydın oldu. Bölgədəki bütöv vəziyyət, xüsusən də Suriyadakı vəziyyət, həmin olduqca mühüm vaxtda müvafiq liderlərin birgə vasitəçilik səylərinin nəticəsində kəskin şəkildə dəyişdi.
Moderator Yan BREMMER: Faktiki olaraq, siz mübahisə edə bilərdiniz ki, fikrimcə, bu, dünyada ən vacib konstruktiv geosiyasi kursun dəyişməsi oldu. Yəni, Rusiya ilə Türkiyə... Beləliklə, Qazaxıstan mühüm geosiyasi rol oynamaqdadır.
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Biz geosiyasi rol oynadığımızı iddia etmək istəməzdik, çünki Qazaxıstan regional qüvvədir. Lakin, eyni zamanda, əlbəttə, biz Suriyaya gəldikdə sülh səylərinə töhfə vermək arzusundayıq. Astana Cenevrədə danışıqların siyasi baxımdan davam etdirilməsi üçün əsas qoymaq məqsədilə aparılan işin uğurlu olması üçün Suriya danışıqlarına ev sahibliyi etdi. Bu, bizim kiçik töhfəmizdir, çünki inanırıq ki, dünya get-gedə daha da bütövləşir. Suriya bizdən, Mərkəzi Asiyadan o qədər də uzaq deyil. Bu fürsətdən istifadə edərək, mən əhəmiyyəti get-gedə artan Mərkəzi Asiyanın geosiyasi və qlobal rolunu qeyd etmək istərdim. Hesab edirəm ki, Mərkəzi Asiya və daha geniş miqyasda, Avrasiya gələcəkdə həm iqtisadi, həm siyasi sahədə beynəlxalq münasibətlərdə olduqca mühüm rol oynayacaq.
Moderator Yan BREMMER: Mən yenə də bu mövzuda qalmaq istəyirəm. Üzrlü hesab edin, lakin Suriya məsələsinə varmayacağam, çünki panel müzakirəsini bu mövzu ilə bitirmək istəmirəm. Lakin, əlbəttə ki, Çin mövzusuna toxunmaq istərdim. Mən cənab Yatsenyukdan başlamaq istəyirəm, çünki maraqlıdır, biz burada geosiyasi maraqların birləşməsi haqqında danışdıqda, sizin üzləşdiyiniz vəziyyətin inanılmaz dərəcədə ağır olduğunu da anlayırıq. Bununla belə, Çin yaxın gələcəkdə dünyada ən böyük iqtisadiyyat olacaq. Onların Ukraynada böyük sərmayələri var, hətta kənd təsərrüfatı sahəsində də. Onlar Suriyaya gəldikdə, daha çox konstruktiv diplomatik rollar haqqında danışırlar. Bilmək istərdim ki, Ukrayna Çinin bu roluna necə baxır və onların maraqları ayırıcı və ya sabitləşdirici amildir və ya onlar sizin ölkədə ruslarla müqayisədə ən azı daha potensial konstruktiv yanaşmanı tətbiq edə bilər?
Ukraynanın keçmiş Baş naziri Arseni YATSENYUK: Mövzu belədir: Çin Ukraynadan bir az uzaqdadır. Bu, məsələnin bir hissəsi. Onun digər hissəsinə gəldikdə, biz Çindən daha çox sərmayə almaqda şad olardıq. Biz Çini real tərəfdaş hesab edirik. Çinin bir sıra beynəlxalq təşkilatlarda çox güclü səsi var. Çin nəhəng potensiala malikdir. Biz qətiyyətlə inanırıq ki, çinli tərəfdaşlarımız və dostlarımızla bir sıra razılaşmalara nail ola bilərik. Bir sözlə, şübhəsiz ki, Çinlə apardığımız əməkdaşlıq ölkəmizə daha çox investor və sərmayələr cəlb edə, Ukrayna iqtisadiyyatını gücləndirə və ukraynalıların həyat standartlarını yaxşılaşdıra bilər. Lakin burada əsas maneə var. Bunu Prezident Əliyev dəfələrlə qeyd etdi. Sabitliyin çox böyük əhəmiyyəti var. Bizim üçün sabitlik və təhlükəsizlik eyni məna daşıyan sözlərdir. Beləliklə, inanmıram ki, Çin Minsk razılaşmasının Rusiya tərəfindən icra olunması ilə bağlı hər hansı razılığı təmin edə bilər. Lakin xatırlamıram, Çin BMT-nin Baş məclisində Krımın qeyri-qanuni anneksiyası ilə bağlı qərarı dəstəklədi, yoxsa yox? (Zaldan səs: bitərəf qaldı). Bəli, onlar bitərəf qaldılar. Ola bilsin, bəlkə gələn dəfə, Çin aydın şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcək. Lakin bir daha iqtisadi məsələyə qayıdaraq deməliyəm ki, Çin əməkdaşlıq üçün gözəl ölkədir.
Moderator Yan BREMMER: Çinə gəldikdə, əlbəttə, biz Qazaxıstana müraciət etməliyik və sizin üçün ən mühüm xarici iqtisadi təkan kimi Çin haqqında danışaq. Bilmək istərdim, fikrinizcə, cənab Yatsenyukun dediyi kimi, Rusiya tarixən öz təsir sferası hesab etdiyi yerlərdə Çin aparıcı iqtisadi iştirakçı ola bilərmi? Siz bunu rəqabəti qızışdıran amil, gec və ya tez partlaya biləcək vaxt bombası kimi hesab edirsinizmi?
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Səkkiz il Çində, dörd il isə Sinqapurda yaşamış bir çinşünas kimi mən Çində baş verənləri diqqətlə izləyirəm. Qətiyyətlə inanıram ki, Çin Mərkəzi Asiya ilə bağlı, xüsusən də iqtisadi sahəyə gəldikdə, çox yaxşı perspektivləri var. Məsələn, Çin 51 müəssisəsini öz ərazisindən Qazaxıstana köçürməyi planlaşdırır. Mən burada Sədr Si Cinpinin irəli sürdüyü “Bir kəmər - Bir yol” adlı konsepsiyanı qeyd etdim. Fikrimcə, bu, çox perspektivli konsepsiyadır. Nəzərə alsaq ki, bu konsepsiya Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi İttifaqı tərəfindən dəstəklənəcək və istifadə ediləcək, o, Mərkəzi Asiya ölkələrinin, o cümlədən Rusiyanın iqtisadi inkişafının əsas amillərindən biri olacaq. Çin iqtisadi nəhəngə çevrilib. Hesab edirəm ki, Çinin iqtisadi artım sürəti kifayət dərəcədə davam edəcək. Altı faizlik iqtisadi artım Mərkəzi Asiyada əsas sərmayədarlardan biri olmaq üçün kifayətdir. Beləliklə, Çinin iqtisadi gücü kifayət qədər böyükdür. Lakin, eyni zamanda, hesab edirik ki, Qazaxıstanla siyasi əməkdaşlıq da kifayət qədər uğurla inkişaf edir. Hər il iki ölkənin lideri üç-dörd dəfə görüşür və bir sıra mühüm məsələləri, ilk öncə, ikitərəfli əməkdaşlığı müzakirə edirlər. Onlar nəinki söhbət edirlər, o cümlədən razılaşmaların və danışıqların praktiki işlərə hansı şəkildə çevrilməsi haqqında düşünürlər. Bir sözlə, əgər belə demək olarsa, Çin Mərkəzi Asiyada get-gedə öz mövqeyini gücləndirir. Çin, əlbəttə ki, Qazaxıstanın əsas tərəfdaşı olacaq. Burada şübhə yoxdur.
Moderator Yan BREMMER: Bəs ruslara gəldikdə?
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Bizim çox yaxşı münasibətlərimiz var.
Moderator Yan BREMMER: Xeyr, mən əvvəlki məqama qayıtmaq istərdim. Bu, yekun nəticədə Rusiya ilə Çin arasında toqquşmaya gətirəcəkmi? Bu problemdən necə qurtulmaq olar?
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Rusiya ilə Çin arasında rəqabət haqqında danışmağa dəyməz. İqtisadi baxımdan, Çin regionda ən böyükdür. O, dünyanın ikinci ən böyük iqtisadiyyatıdır və ən uğurlu iqtisadiyyatdır. Çin öz iqtisadiyyatını dəyişir və bu, çox vacibdir. Onlar kiber qüvvəyə malik dövlət olmaq istəyirlər. Bu yaxınlarda mən Çinin ən inkişaf etmiş şəhərlərindən birində - Şençen şəhərində oldum. Mən daha çox inanmağa başlayıram ki, Çin heç şübhəsiz, öz məqsədlərinə nail olacaq.
Moderator Yan BREMMER: Gürcüstanın Baş naziri hava limanına getmək üçün bir neçə dəqiqədən sonra bizi tərk edəcək. Ona yekun söz vermək istərdim. Buyurun, söz sizindir.
Gürcüstanın Baş naziri Giorgi KVİRİKAŞVİLİ: Əvvəlcə, mən fürsətdən istifadə edərək, regiona böyük inkişaf gətirəcək “Bir kəmər - Bir yol” layihəsi haqqında bir neçə söz söyləmək istərdim. Burada yeni sərmayələrdən, nəinki fiziki infrastruktura, o cümlədən xidmətlər sahəsinə də sərmayələrdən söhbət gedir. Söhbət insanların səfərlərindən gedir. Daha çox səfərlər insanların qarşılıqlı ünsiyyətini artırır və beləliklə, daha çox sabitlik gətirir. Bir sözlə, bu, olduqca vacib layihədir. Bu, bütün qitədə istehsalat sahələrinin yenidən paylanmasıdır. Biz hər imkanımızdan yararlanmağa çalışırıq. Prezident Əliyevin qeyd etdiyi kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsində iştirak edirik. Biz öz yollarımızı müasirləşdiririk, yeni enerji sahələrini tikirik. Çindən gələn yeni sərmayələrimiz var. Bu, daha çox dostluq, nəinki rəqabət məsələsidir. Bir sözlə, biz bundan tam məmnunuq. Mən fürsətdən istifadə edərək, bu panelə məni dəvət etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz çox ümid edirik ki, Avrasiya qitələrində daha çox sabitlik olacaq. Çox sağ olun.
Moderator Yan BREMMER: Tbilisiyə qayıdarkən sizə xoş uçuş arzulayırıq. Biz Çin mövzusunu müzakirə edirik və icazə verin, Prezident Kalyulayda müraciət edim. Çünki siz əvvəldə dəyərlər haqqında danışdınız və liberal dəyərlərin, insan hüquqlarının vacibliyini qeyd etdiniz. Əlbəttə, sədr Tokayev indicə Çini qeyri-adi nəhəng adlandırdıqdan sonra Çinin iqtisadi sisteminin artan cəlbedici mahiyyəti, həmçinin göz qarşısındadır. Bu, tarixən amerikalılar və avropalıların dəstəklədiyi dəyərlərdən xeyli fərqlənən dəyərlərdir. Dəyişkən qloballaşma baxımından, Estoniyanın rolunu necə görürsünüz? Bu, sizin ölkə, siyasi, iqtisadi modeliniz üçün nə məna verir? Bunu digər ölkələrə gəldikdə, necə görürsünüz?
Estoniya Prezidenti Kersti KALYULAYD: Sağ olun. Əvvəlcə, mən qeyd etdiyiniz məsələyə qayıtmaq istərdim və onu hələ şərh etmək imkanım olmadı. Siz bildirdiniz ki, geosiyasi kursun dəyişməsi və kursdan kənara çıxaraq geriyə qayıtmaq anları olmuşdur. Heç kəsin planında olmayan, potensial qaydada çox ağır nəticələrin aradan qaldırılması üçün bu cür kəskin şokdan çıxmağı bacarmış bütün tərəfləri təbrik edirəm. Lakin hesab etmirəm ki, bu, geosiyasi kursun dəyişməsi oldu. Hiss etdiyimiz geosiyasi kursun dəyişməsini artıq 2008-ci ildə gördük. 2008-ci ildə Rusiya Helsinki Yekun Aktının müddəalarına, oradakı təriflərə yenidən baxmaq təklifi ilə çıxış etdi. Bir azdan sonra biz münaqişələrin şahidi olduq. 2008-ci il geosiyasi kursun dəyişməsi, sonradan Ukraynada vəziyyətin alt-üst olması ilə yadda qaldı.
İndi isə biz sabitlik haqqında danışırıq. Əgər ölkədə fəal münaqişə gedirsə, sabitlik çox lazımlıdır, çünki münaqişə olmayanda, sabitliyi qoruyub saxlamaq üçün çox böyük səylər göstərilməlidir. Çünki dəyişikliklər baş verdiyi, qeyri-sabit yerdə heç kəs yeni, təhlükəsizlik durumu qurmağa çalışmır. Hesab edirəm, bunu yadda saxlamaq çox vacibdir. Burada düşündüyüm sabitliyin digər aspekti işğal ilə bağlıdır. Mən Sovet İttifaqında, Estoniyanın işğal olunmuş ərazisində, Tallində böyümüşəm. Bilirəm ki, bir çox insanlar sabitliyi qiymətləndirir. Həmçinin bilirəm, bəzi insanlar, bir çox şəxslər və hökumətlər var ki, işğal olunduğumuzu hələ də tanımır. Fikrimcə, sabitlik, təhlükəsizlik haqqında yenidən danışdıqda, yeni quruluşu dəyişərək öz demokratik iradəsini vurğulamaq istəyən bir dövlətin hesabına bu dəyişiklikləri etmək cəhdlərini nəzərdən keçirdikdə tarixin bu faktlarını xatırlatmaq çox vacibdir.
İndi isə Çin mövzusuna gəlirəm. Biz, Estoniyada, əlbəttə, bilirik ki, Çinlə müqayisə oluna bilmərik. Lakin maraqlı məsələ ondan ibarətdir ki, azad bazar iqtisadiyyatı kimi, biz bu məqsədləri bölüşürük: dünya açıq ticarət aparmalı və qloballaşmaya qarşı azad paylaşma olmalıdır. Məsələn, Avropa İttifaqının genişlənməsindən, Asiyada mövqelərin yenidən bölüşdürülməsindən hər bir hökumət faydalanmalıdır və heç kəs digər tərəfə kənardan baxmalı deyil. Bəlkə müəyyən məsələlər səhv ola bilər. Lakin Qərb dünyasında bu, qeyri-sabitlik, o cümlədən qeyri-müəyyənlik yaradır. Biz bundan kənar olmalıyıq və bu məsələ haqqında düşünməliyik. Bir daha bildirirəm ki, bunları etdikdə biz liberal dəyərlərimizi, o cümlədən azadlıqları, qloballaşmanı, güclülərin zəiflərə dəstək verməsini düşünməliyik.
Moderator Yan BREMMER: Bundan sonra suallara keçəcəyik. Əminəm ki, kifayət qədər sual və vaxtımız var. Ancaq bundan öncə Prezident Əliyevə Çin məsələsi ilə bağlı danışmaq imkanı vermək istəyirəm. Burada Sizdən soruşmaq istəyirəm. Əlbəttə ki, Çin tamamilə fərqli bir qüvvədir. O, nəhəng bir iqtisadi qüvvədir. Rusiya nəhəng təhlükəsizlik qüvvəsidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının arxitekturası üzə çıxır. Bəziləri bunun uzunmüddətli perspektivdə NATO-ya qarşı potensial tarazlaşdırıcı qüvvə rolunu oynayacağını bildirir. Siz bunu inteqrasiyanın meydana gəlməkdə olan daha güclü qüvvəsi kimi görürsünüzmü? Bunu gördüyünüz təqdirdə, onun rəqabətli olduğunu hesab edirsinizmi?
Prezident İlham ƏLİYEV: Biz Çini özümüzə yaxşı tərəfdaş hesab edirik. Bizim siyasi, iqtisadi səviyyədə yaxşı qarşılıqlı əlaqələrimiz var. Lakin əlbəttə ki, bizi birləşdirəcək və çox fəal tərəfdaşlara çevirəcək layihə “İpək Yolu”nun bərpası layihəsidir. Bu gün burada Çinin Sədrinin təşəbbüskarı olduğu “Bir kəmər - Bir yol” layihəsi haqqında danışıldı. Sadəcə xatırlatmaq istəyirəm ki, 2007-ci ildə Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə bu il tamamlanmasına ümid etdiyim layihənin təşəbbüskarı olmuşdur. Bu, üç ölkə arasında dəmir yolu əlaqəsinin yaradılması idi. Biz bunu Azərbaycan, Gürcüstan və Türkiyə üçün Avropa bazarlarına daha qısa yolla çıxış imkanını əldə etmək üçün edirik. Eyni zamanda, biz Çinin bu əlaqəyə potensial töhfəsini hesablayırdıq. Bu il bu dəmir yolu əlaqəsi layihəsi başa çatdırılacaq və beləliklə, siz Azərbaycandan qatar ilə Avropaya, Qərbi Avropaya gedə biləcəksiniz. Biz Çin ilə onların təşəbbüslərini artıq mövcud olan infrastruktura necə inteqrasiya edilməsi yollarını müzakirə etdik və bunun üçün çoxlu imkanlar gördük. Ümid edirik ki, Azərbaycandan, Xəzər dənizi üzərindən keçən yükdaşımalarının artımı bizim iqtisadiyyatımız üçün çox vacib olacaqdır.
Cənab Tokayevin söylədiyi kimi, bir çox ölkələr tranzit ölkə olmaq istəyirlər. Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizində ən böyük limanın inşasını aparırıq. Onun yükaşırma gücü 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, təkcə öz ehtiyaclarımızı deyil, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təmin edə bilək. Biz limanın yaxınlığında xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik.
Xəzər dənizindən keçən marşrut Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mövcud marşrutdan 15 gün daha qısadır. Bu, ən ucuz marşrut deyil, lakin tarifləri vahid səviyyəyə gətirərək, - biz artıq Gürcüstan və Türkiyə ilə bunun üzərində işləyirik, - xərcləri azaldacağıq. Beləliklə, biz marşrutu kommersiya nöqteyi-nəzərdən də çox cəlbedici edəcəyik və yüklərini ən qısa müddətdə çatdırmaq istəyən şirkətlər, əlbəttə ki, bu marşrutdan istifadə edəcəklər.
Moderator Yan BREMMER: Sual-cavab üçün hələ 30 dəqiqəmiz var və təşkilatçılar mənə bildirirlər ki, Dmitri Androsovun sualı var. Bu şəxs Moskvadan gəlib və o, öz sualını verəcək.
Dmitri ANDROSOV: Mən Rusiya Federasiyasının Xalq Azadlığı Siyasi Partiyasının Federal Siyasi Şurasının üzvüyəm. Mənim bir-biri ilə bağlı olan iki sualım var və suallarımı Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevə ünvanlamaq istəyirəm. Lakin digər natiqlər bu mövzu ilə bağlı öz fikirlərini müəyyən dərəcədə bildirsələr yaxşı olardı. Beləliklə, cənab Prezident, Dağlıq Qarabağ münaqişəsi mövcuddur, bu münaqişə artıq 25 ildən çoxdur ki, davam edir və bu məsələdə mənim ölkəm olan Rusiyanın oynamış olduğu və bu gün də oynadığı rol barədə də məlumatımız var. Beləliklə, sualım belədir. Fikrinizcə, hazırkı Rusiya hökumətinin bu münaqişənin həqiqətən də həll olunmasında hər hansı marağı varmı? İkinci sualım isə odur ki, Sizcə, Qarabağ problemi həll olunmayana qədər Azərbaycanın Avrasiya İttifaqının üzvü olması mümkündürmü? Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Rusiya, sizin də bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları və Fransa ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qrupun mandatı münaqişənin həll olunmasına kömək etməkdir. Ümid edirik ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri bu gün ilə müqayisədə daha da fəal olacaqlar. Əlbəttə ki, Azərbaycan cari vəziyyətlə razılaşa bilməz. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 20 ildən də artıq müddətdən əvvəl qəbul olunmuşdur və onlar kağız üzərində qalmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədri olan bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu isə o deməkdir ki, bu qətnamələr onların iştirakı ilə qəbul olunmuşdur. Onlar bu qətnamələrin qəbul olunmasına etiraz etməyiblər. Lakin qətnamələr icra olunmayıb və dünyanın bu aparıcı ölkələri işğal olunmuş ərazilərdən geri çəkilmək üçün təcavüzkar Ermənistana kifayət qədər təzyiq göstərə bilmirlər. Lakin biz ümid edirik ki, münaqişə qətnamələr əsasında həll olunacaqdır. Bunu etmək üçün yeganə yol bu cürdür. Çünki siz təcavüzə bəraət qazandıra bilməzsiniz. Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin Qarabağın ətrafındakı yeddi rayonu da işğal etmişdir. Həmin yerlərdə heç vaxt erməni əhalisi yaşamayıb. Dağlıq Qarabağın özündə əhalinin 30 faizi Azərbaycan mənşəli idi. Onların hamısı torpaqlarından qovulublar. Bundan sonra isə Dağlıq Qarabağda onlar dırnaqarası referendumlar keçiriblər. Daha biri isə bir neçə gün sonra keçiriləcəkdir. Bu da tamamilə qanunsuzdur və dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. Yeri gəlmişkən, Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı Dağlıq Qarabağı müstəqil bir subyekt kimi və bu referendumun nəticələrini tanımadığını bildirən bəyanatlarla artıq çıxış ediblər.
Rusiya Azərbaycanın qonşusudur. Ermənistanın birbaşa qonşusu deyil, lakin, həmçinin regional qonşu ölkədir. Buna görə də düşünürəm ki, münaqişənin həll olunması Rusiyanın da marağındadır. Çünki münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Əlbəttə ki, vəziyyət nəzarət altından çıxsa, regionun bütün ölkələrində problemlər olacaqdır.
Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə, mən sizə belə bir cavab verə bilərəm. Biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik. Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik.
Eyni sözləri Avropa təsisatları ilə əməkdaşlığımıza dair söyləyə bilərəm. Biz “Şərq tərəfdaşlığı proqramı”nın altı ölkəsindən biriyik və biri olmaqda davam edirik. Lakin biz Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Assosiasiya sazişini imzalamadıq. Lakin indi nə baş verir? Biz fevralın 7-də Avropa Komissiyasına etdiyimiz layihə təklifi əsasında həmin qurumla danışıqlara başladıq. Avropa Komissiyasının tarixində ilk dəfə idi ki, layihə təklifi Komissiya tərəfindən yox, ölkə tərəfindən irəli sürülür və mandat da verilmişdir. Ümid edirəm ki, bu razılaşma tezliklə tamamlanacaq. O, Avropa İttifaqına üzv olan ölkələr ilə artıq qəbul olunmuş və imzalanmış 9 razılaşma və memoranduma əsaslanır. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında razılaşma və ya memorandumu var. Bu, nadir bir vəziyyətdir. Biz gələcək iqtisadi planlarımızı milli maraqlarımıza görə qururuq. Buna görə də hazırda bizim hər hansı bir digər beynəlxalq təşkilata qoşulmaq planlarımız yoxdur. Lakin gələcəkdə nə baş verəcəyini həyat göstərəcəkdir.
Moderator Yan BREMMER: Təşəkkür edirəm. Növbəti sualımız var.
Orxan SƏTTAROV: Mən “Vestnik Kavkaza” xəbər agentliyindənəm. Mənim sualım cənab Prezident İlham Əliyevədir. Siz ərazi bütövlüyü prinsipinin ən əsas və başlıca prinsiplərdən biri olduğunu qeyd etdiniz. Eyni fikri bu gün Almaniya Kansleri Angela Merkel də söylədi. O, Avropanın başlıca prinsip kimi bu prinsipdən vaz keçməyəcəyini bildirdi. Avropanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu ilə bağlı gözləntiləriniz nədir və bu münaqişədə Avropanın hansı addımlar atacağını gözləyirsiniz? Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Əvvəlcə qeyd etdiyim kimi, danışıqların aparılması və münaqişənin nizamlanması ilə bağlı mandat ATƏT-in Minsk qrupuna aiddir. Bu qrupa ABŞ, Fransa və Rusiya həmsədrlik edir. Əlbəttə ki, biz Avropa İttifaqının danışıqlar prosesinə birbaşa cəlb olunmasını gözləmirik. Baxmayaraq ki, Avropa Komissiyası münaqişənin həlli ilə məşğul olan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. Biz Avropadan və hər bir ölkədən postsovet məkanında olan bütün münaqişələrə dair vahid standart yanaşmanı gözləyirik. Biz bu gün xanım Merkelin ərazi bütövlüyü ilə bağlı söylədiklərini yüksək qiymətləndiririk. Lakin biz bu prinsipin seçmə üsulla yox, bütün münaqişələrə tətbiq olunmasını istəyirik. Fikrimizcə, baxmayaraq, Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi sazişdən çox birtərəfli təlimatlar siyahısına bənzəyirdi, onun imzalanmamasının səbəblərindən biri də, hətta əsas səbəbi onunla bağlı idi ki, onlar Ermənistan ilə Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması ilə bağlı dəqiq ifadə edilmiş mətnin bu Sazişə daxil edilməsini istəmirdilər. Onların Gürcüstan və Moldova ilə razılaşmalarında bu müddəa var idi. O zaman Ukraynanın belə bir problemi yox idi. Lakin Azərbaycana gəldikdə, ikili standartlar üzə çıxır. Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunmuşdur. Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq olunmamışdır. Bu ikili standartlı yanaşma aradan qaldırılmalıdır. Əlbəttə ki, bu, dərhal münaqişənin həllinə gətirib çıxarmayacaqdır. Lakin biz səylərimizi birləşdirsək və təcavüzkar Ermənistana torpaqları boşaltmaq üçün təzyiq göstərsək, düşünürəm ki, onda münaqişə daha tez həll olunacaq. Çünki bizim məsələyə gəldikdə, dəfələrlə bu auditoriyada qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Ermənistan qoşunlarının çıxarılmasını tələb edən aparıcı beynəlxalq təşkilatların qətnaməsi var və bu qətnamələr icra olunmalıdır. Beləliklə, biz ümid edirik ki, əfsuslar olsun, bəzi postsovet ölkələrində ərazi bütövlüyünün pozulması ilə bağlı vəziyyət bütün münaqişələrə, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münaqişəyə tətbiq olunacaq vahid qeyri-selektiv, təkstandartlı yanaşmanın formalaşmasına gətirib çıxaracaq.
Moderator Yan BREMMER: Mən bu mövzunu davam etdirmək istərdim. Siz ərazi bütövlüyü prinsipinin universallığı məsələsini bir neçə dəfə qabartdınız. Əlbəttə ki, rusların bununla bağlı öz fikirləri var. Biz bunu çox eşidirik. Biz Ukraynanın acığını ruslardan çıxdıq. Lakin Kosovo timsalında amerikalılar ərazi bütövlüyünün o qədər də böyük əhəmiyyətə malik olmadığını nümayiş etdirdilər. Amerikalılar rusların Suriyada mülki əhalini və xəstəxanaları bombardman etməsindən daha çox danışmağa meyillidirlər. Lakin ABŞ tərəfindən Yəmənə pilotsuz uçuş aparatları ilə bombalar atıldıqda, onların Səudiyyə Ərəbistanına dəstək verməsi qabardıldıqda onlar danışmaq istəmirlər. Maraqlıdır. Mən bu sualı Estoniyaya və Ukraynaya ünvanlamaq istəyirəm. Panel-müzakirənin iştirakçıları bu halların oxşar hallar olduğunu düşünürlərmi? Sizcə nəinki təkcə bu prinsipə mane olan, hətta ruslara manevr etmək üçün yer verən Amerika riyakarlığının burada yeri varmı? Yoxsa siz belə bir müqayisənin aparılmasını və Putinin sadəcə təbliğatla məşğul olduğunu düşünürsünüz? Bu barədə nə düşündüyünüzü eşitmək istərdim. Sözü cənab Yatsenyuka vermək istəyirəm.
Ukraynanın keçmiş Baş naziri Arseni YATSENYUK: Ukrayna Kosovonu tanımayıb. Mən həmin vaxt xarici işlər naziri idim və bildirdik ki, biz BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi əsasında bunu etməkdən şad olardıq. Bu, Ukrayna tərəfinin verdiyi çox aydın bəyanat idi. Lakin bilirsiniz, mən hər zaman postfaktum dünyasına istinad edirəm. Gəlin, yalnız faktları nəzərdən keçirək və diqqətimizi onlara yönəldək. Fakt ondan ibarətdir ki, Rusiya Federasiyası qeyri-qanuni olaraq Krımı ilhaq edib. Onlar öz hərbçilərini göndərdilər. Onlar dırnaqarası referendum keçirdilər. Bundan əlavə, onlar Krımı ilhaq etdilər və həmin bölgəni Rusiya Federasiyasının bir hissəsi kimi tanıdılar. Fakt ondan ibarətdir ki, Rusiya Federasiyası öz hərbçilərini, FTB-ni, xüsusi xidmət orqanlarının və silahlı qüvvələrin nümayəndələrini Donetsk və Luqanska göndərdi. Onlar həm Krımda, həm Donetsk və Luqanskda beynəlxalq cinayət törətdilər. Fakt ondan ibarətdir ki, Rusiya raketi MH-17-ni vurub saldı. Bu, faktdır. Fakt ondan ibarətdir ki, onlar MH-17 reysi ilə uçan yüzdən artıq insanı, Ukraynada on mindən artıq şəxsi qətlə yetirdilər. Beləliklə, əgər biz bir standartı tətbiq etsək, mən məmnun olardım. Bir sözlə, mənim nüvə silahına malik, başdan ayağa silahlanmış böyük dövlətə - Rusiya Federasiyasına olan mesajım belədir: Ukraynadan çıxın! Müstəqil ölkələrə müdaxilə etməyin! Beynəlxalq hüquqa hörmət edin! Hər halda, biz eyni standartı Ukraynaya, Gürcüstana, Moldovaya tətbiq etməliyik. Mən digər münaqişələrin təfərrüatlarına varmaq istəmirəm, bir halda ki, çox hörmətli şəxslər bunu məndən qat-qat yaxşı qeyd etdilər. Bu halda, bütün həmin dondurulmuş münaqişələrin ən tez həlli qonşumuzdan asılıdır.
Moderator Yan BREMMER: Xanım Prezident, bununla bağlı Sizin rəyinizi öyrənə bilərəmmi?
Estoniya Prezidenti Kersti KALYULAYD: Artıq bir dəfə istinad etdiyim beynəlxalq təhlükəsizlik durumu tərifi var. Buna riayət etmək lazımdır. Əvvəllər, məsələn Ukraynaya gəldikdə, beynəlxalq sazişlər əsasında əlavə vədlər verilmişdir. Həmin vədlər yerinə yetirilməmişdir. Mən bundan artıq söyləyə bilmərəm. Söyləyəcəyim bu qədər.
Qazaxıstan Senatının sədri Kasım-Jomart TOKAYEV: Məsələ burasındadır ki, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində iki əsas prinsip - dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ - bir-birinə ziddir. Beləliklə, bu, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsindən gələn böyük ikimənalılıqdır və ayrı-ayrı hallara gəldikdə, çaşqınlıqlar yaradır. Kosovo xüsusi hal kimi hesab edildi. Xalqların öz müqəddəratını təyin etmək hüququ Kosovo kimi, necə deyərlər, “xüsusi hal”da tətbiq edildi. Sonra başqa hallar üzə çıxdı və biz hamımız dövlətlərin ərazi bütövlüyü haqqında danışmağa başladıq. Hesab edirəm ki, biz Birləşmiş Millətlər Təşkilatının həmin iki əsas prinsipinə gəldikdə, prioritetin seçilməsində çox aydın olmalıyıq. Mən ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmanı olduqca aydın şəkildə qeyd edən Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Quterreşin bu yaxınlarda verdiyi bəyanatına diqqətinizi yönəltmək istərdim.
Prezident İlham ƏLİYEV: Ərazi bütövlüyü prinsipi üstünlük təşkil edən prinsipdir. İstər bu, BMT-nin Nizamnaməsi olsun, istərsə Helsinki Yekun Aktı olsun. Helsinki Yekun Aktında ərazi bütövlüyünün və öz müqəddəratını təyinetmə hüququnun çox aydın tərifi var. Öz müqəddəratını təyinetmə hüququ ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Beynəlxalq hüququn məhz həmin başlıca prinsipi pozulub. Lakin sizin sualınıza qayıtmaq istəyirəm. Əslində, siz riyakarlıq haqqında sualınıza özünüz cavab verdiniz. Əlbəttə ki, biz ikili standartları hər həftə, hər gün görürük. Sanki qaydalar, normalar və qətnamələr kiçik ölkələr üçün yazılıb. Onlar qanuna əməl etməlidirlər. Onlar qətnamələri icra etməlidirlər. Böyük super dövlətlər öz milli maraqlarına əsasən beynəlxalq hüququ şərh etməkdə azaddırlar. Öz maraqlarına uyğun olaraq, gah ərazi bütövlüyünü, gah da öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyirlər. Bu da beynəlxalq təsisatların, Birləşmiş Millətlər Təşkilatının deqradasiyasına gətirib çıxarır. Əgər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü özləri 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul edibsə, sonra da bu qətnamələri icra etmək üçün təcavüzkara təzyiq göstərmirsə, biz onların davranışını necə başa düşə bilərik? Bu davranış yalnız onların maraqlarına xidmət edir və beynəlxalq hüquqa əsaslanmır. Burada biz XXI əsrin ən vacib məsələsinə gəlib çıxırıq. Bizdə beynəlxalq təşkilatların potensialının gücləndirilməsinə aparan mexanizmlər var, yoxsa yoxdur? Hesab edirəm ki, bu da bir müzakirə mövzusu olmalıdır. Əgər hamımız beynəlxalq öhdəliklərdən azadıqsa, onda kiçik ölkələrə bu və ya digər qərarların yerinə yetirilməsini məcbur edən hücumlar edilməməlidir. Qərar hamı üçündür və hər bir kəsə eyni qaydada yanaşılmalıdır.
Moderator Yan BREMMER: Prezident Əliyev, beynəlxalq hüququn bu məsələlərinə və böyük strategiyaya toxunduğunuza görə Sizdən soruşmaq istəyirəm, çoxqütblü dünyaya doğru addım bu problemi aradan qaldıracaq, yoxsa daha da pisləşdirəcək?
Prezident İlham ƏLİYEV: Bu, çoxqütblüyün hara aparmasından asılıdır. Əlbəttə ki, super dövlət olmayan, böyük dövlət olmayan ölkə üçün çoxqütblük üstünlükdür. Çoxqütblü dünyada sizin manevr etmək üçün daha çox yeriniz ola bilər. Lakin, eyni zamanda, çoxqütblük pərdəarxası razılaşmalara gətirib çıxara bilər. Biz bunu XX əsrin tarixindən bilirik. O zaman dünya aparıcı ölkələrin kabinetlərində bölüşdürülmüşdür. Buna görə də çoxqütblüyə necə yanaşmadan asılıdır. Burada təkcə maraq sahələri, bu və ya digər maraq naminə bəzi ölkələrin hökmranlığı nəzərdə tutulur? Yoxsa çoxqütblülük qarşılıqlı əlaqədir, proqnozlaşdırılan mühitdir, kiçik ölkələrə, zəif ölkələrə hörmətdir? Buna görə də bu, məsələyə necə yanaşılmasından asılıdır. Lakin düşünürəm ki, bu vaxtadək bu vəziyyətdən narahat olmaq üçün bizdə kifayət qədər əsas var.
Moderator Yan BREMMER: Fikrimcə, “Böyük Oyunu” ən yaxşı şərh edən azərbaycanlılar ola bilər.
Estoniya Prezidenti Kersti KALYULAYD: Sadəcə bildirmək istəyirəm ki, biz təkqütblü, ikiqütblü və çoxqütblü dünya prinsipləri üzərində razılığa gəlməmişik. Lakin, ümumiyyətlə, hesab edirəm ki, hazırkı iqtisadi mühit, texnoloji inkişaf, bütövlükdə, bizi kiçik və çevik iştirakçılara çevirir. Lakin bir şərtlə ki, beynəlxalq təhlükəsizlik və durum qorunub saxlansın.
Moderator Yan BREMMER: Cənab Yatsenyuk, sizi eşidək.
Ukraynanın keçmiş Baş naziri Arseni YATSENYUK: Sizin və cənab Prezidentin qeyd etdiyi riyakarlığa qayıtmaq istərdim. İndicə mətbuatda xəbər oxudum. Bilirsiniz nə baş verib? Prezident Putin bir neçə dəqiqə əvvəl qondarma Donetsk və Luqansk respublikalarının verdiyi bütün sənədlərin tanınması haqqında qərar qəbul edib. Bir sözlə, bu, tamamilə başqa aləmdir. Cənab Lavrov Münxen Təhlükəsizlik Konfransındakı nitqində qeyd etdi ki, onlar Minsk sazişinə və digər məsələlərə riayət edəcəklər. Bəs, bunun sonu nə oldu? Sonda, bu gün, Rusiya Prezidentinin qərarından sonra onlar praktiki olaraq Minsk formatından çıxırlar. Axı, bu, nə deməkdir?
Moderator Yan BREMMER: İlkin qənaətim Münxen Təhlükəsizlik Konfransında BMT-nin və Rusiyanın nümayəndələrini dinləməkdir və əlavə olaraq, bu prinsiplə bağlı Vaşinqton və Moskva ilə yenidən əlaqə saxlamaq daha məqsədəuyğun yanaşma olardı. Lakin aydındır ki, əgər bu, həqiqətə uyğundursa, bu, hamı üçün çətin xəbər olacaq. Xahiş edirəm, gəlin biz qeyri-adi panel-müzakirənin iştirakçılarını birlikdə alqışlayaq.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri fevralın 19-da başa çatıb.