İQTİSADİYYAT
Prezident İlham Əliyev “TEKNOFEST” festivalında dünyanın yeni formalaşan siyasi düzəninə real qiymət verib – Ekspert
Bakı, 29 aprel, AZƏRTAC
Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında dünyanın yeni formalaşan siyasi düzəninə real qiymət verib.
Bunu AZƏRTAC-a açıqlamasında QHT sədri, internet-media eksperti Səbuhi Abbasov bildirib. Ekspert qeyd edib ki, bu çıxışa həm mənəvi, həm də siyasi baxımdan yanaşmaq lazımdır - "Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədir" deməklə Prezident bütün dünyaya müttəfiqliyin nümunəsini göstərdi. Bu həm də Türkiyə və Azərbaycanın yeni geosiyasi reallıqlarda artan gücünün ən bariz nümunəsidir.
S.Abbasov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” devizini xatırlatmaqla əcdadlarımızın mirasının etibarlı əllərdə olduğunu vurğulayıb. Məsələnin siyasi tərəfinə gəldikdə isə Türkiyənin hərb sənayesinin fantastik inkişafının əsas göstəricisi olan “TEKNOFEST” aerokosmik və texnologiya festivalını təhlil etmək yerinə düşərdi. Prezident İlham Əliyev çıxışında bu nüansa xüsusi diqqət ayırır və bir növ qarşıda duran hədəflərin yol xəritəsini açıq şəkildə bəyan edir.
Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti çıxışında “Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olub, o cümlədən azad edilmiş torpaqlarda - Şuşada və son gəlişində - bu ayın əvvəlində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək əməkdaşlıq haqqında danışdıq və Bayraktar mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq”, - deməklə əslində yaxın 100 ilin regional və beynəlxalq təhlükəsizlik konsepsiyasının indidən hazır olduğunu qeyd edir. Bu çox mühüm məqamdır. Bütövlükdə Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur. Bəzi beynəlxalq beyin mərkəzləri üçün araşdırma mövzusudur.