İQTİSADİYYAT
Prezident İlham Əliyev: “Ümid” yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz vardır
Bakı, 7 iyun (AZƏRTAC). Neft sahəsində ilkin proqnozlardan bu gün bəlkə də iki dəfə çox nefti əldə etdiyimizi nəzərə alsaq, mən tam əminliklə deyə bilərəm ki, 2,2 trilyon kubmetr qaz ehtiyatlarımız, necə deyərlər, təvazökar bir rəqəmdir. Proqnozlar daha da çoxdur və əminəm ki, qazma işlərinin nəticəsində daha da böyük həcmdə qaz aşkar olunacaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının açılış mərasimində bildirmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində bir neçə vacib hadisə baş vermişdir. Mən onlardan ikisini xüsusilə vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi, yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında imzalanmış Bəyannamə, ikincisi isə, Azərbaycan neftçiləri tərəfindən kəşf edilmiş böyük “Ümid” qaz yatağıdır. Bu, birinci növbədə onu göstərir ki, bizim “Şahdəniz”dən başqa da böyük ehtiyatlarımız vardır. Neftçilərimiz və geoloqlarımız həmişə bunu vurğulayırlar. İkinci tərəfdən, “Ümid” yatağının önəmi ondadır ki, bu yataq Azərbaycan neftçiləri, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmışdır.
Azərbaycan neftçilərinin xarici şirkətlərlə əməkdaşlıq nəticəsində əldə edilmiş təcrübəsinin artıq konkret nəticələr verdiyini deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti “Ümid” yatağında həm investordur, həm də operatordur. “Ümid” yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna əminik. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcəkdir.