İQTİSADİYYAT
Prezident tərəfindən təltif olunan yol təsərrüfatı işçilərinə orden və medallar təqdim olunub
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, orden və medalların təqdim olunması mərasimi keçirilib.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov təltif olunmuş əməkdaşları təbrik edərək, son illər respublikada yol infrastrukturunun yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirib.
S.Məmmədov qeyd edib ki, ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət dayanır: “Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması dövlətimizin başçısının yol təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edərək, onlara göstərilən etimadı doğruldacaqlar”.
Daha sonra Prezidentin Sərəncamı ilə təltif olunmuş şəxslərə orden və medallar təqdim olunub.