ELM VƏ TƏHSİL
Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir
Bakı, 7 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 7-də saat 15:00-a olan məlumata əsasən, V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış 901 abituriyent artıq ixtisas seçimi edib.
Abituriyentlər elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləməlidirlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.
Beşinci ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 10-dək davam edəcək.