SİYASƏT
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN GƏNCLƏRƏ ŞƏXSİYYƏT VƏSİQƏLƏRİ VERİLİR
Bu ilin oktyabr ayında respublikamızda keçiriləcək prezident seçkilərində səs verəcək qaçqın və məcburi köçkünlərin vaxtında şəxsiyyət vəsiqəsi alması üçün Ağdam rayon polis şöbəsi qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinini əməkdaşları vətəndaşlara yaxından köməklik göstərirlər.
Bölmədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ilin əvvəlindən bəri 19 min 500 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir. İlk dəfə səs verəcək 18-20 yaşlı 4 min nəfər gənc şəxsiyyət vəsiqəsi almışdır. Bölmənin əməkdaşları qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində, köçkün qəsəbələrində, kəndlərdə, ayrı-ayrı şəhər və rayonlarda olur, gənc seçicilərin siyahısını müəyyənləşdirir, sənədlərin hazırlanmasında onlara lazımi köməklik göstərirlər.
X X X
Bərdə, Tərtər, Yevlax, Agcabədi, Laçın və Beyləqan rayonlarının polis şöbəsi qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələrinin əməkdaşları da ilk dəfə səs verəcək gənclərin şəxsiyyət vəsiqələri almaları işini sürətlə davam etdirirlər.