İDMAN
Qadınlar arasında tennis üzrə “Baku Cup-2014” Beynəlxalq turniri davam edir
Bakı, 22 iyul (AZƏRTAC). Azərbaycan paytaxtında qadınlar arasında tennis üzrə WTA “Baku Cup-2014” Beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 22-də günün ilk matçı serbiyalı Vesna Dolonts ilə rusiyalı Kseniya Qaydarzi arasında keçirildi.
Təsnifat mərhələsində Alyona Fomina (Ukrayna) və Alla Kudryavtsevanı (Rusiya) məğlub edərək əsas mərhələyə yüksələn V.Dolonts buraya qədər irəliləməsinin təsadüfi olmadığını sübut etdi.
Dünya reytinqində 162-ci olan 25 yaşlı V.Dolonts reytinqdə 1040-cı yerdə qərarlaşan 19 yaşlı rəqibinə sürpriz etməyə imkan vermədi.
Sərbəst və üstün oyun nümayiş etdirən V.Dolonts ilk seti 6:0, ikinci seti də 6:2 qazanaraq matçdan 2:0 hesablı qələbə ilə ayrıldı.
Səkkizdə bir finala yüksələn V.Dolontsun növbəti rəqibi Şayar Peyer (İsrail) olacaq.