REGİONLAR
Qafqaz Universitetinin tələbələri Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıblar
Xırdalan, 14 dekabr, AZƏRTAC
Qafqaz Universitetinin tələbələri “41-ci ACM ICPC NEERC” Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin bu günlərdə Tbilisidə keçirilən yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatında müvəffəqiyyətlə çıxış ediblər. Beləliklə, universitetin tələbələri 2017-ci il mayın 20-dən 25-nə kimi ABŞ-da keçiriləcək müsabiqənin final mərhələsinə vəsiqə qazanıblar.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Azərbaycan 6 ali təhsil müəssisəsindən 12 komanda ilə təmsil olunub. Qafqaz Universitetinin 4 komandasına kompüter və İT kafedrasının baş müəllimi Etibar Seyidzadə rəhbərlik edib. Komanda müsabiqəsinə NEERC regionu üzrə Rusiya, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ermənistanın ali məktəblərindən 228 komanda qatılıb. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Komanda müsabiqəsində Qafqaz Universitetinin komandası bir neçə nominasiya üzrə sertifikata layiq görülüb.
Fərdi müsabiqədə 69 tələbə iştirak edib. Müsabiqə iştirakçılarına 4 saat ərzində 9 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Qafqaz Universitetinin tələbələri Mahmud Allahverdiyev və Rəşad Məmmədov II dərəcəli diploma, Rəsul Kərimov, Məmməd Hacılı III dərəcəli diploma, Ceyhun Yaqublu, Samir Süleymanlı, Müzəffər Məmmədli, Sultan Murtuzaliev və Viktor Klyestov yüksək nailiyyət sertifikatına layiq görülüblər.