ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunda aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat dinlənilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. Sonra Qafqazşünaslıq İnstitutunda 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat dinlənilib. Həmçinin bu işlərin yerinə yetirilməsi ilə bağlı yoxlama komissiyasının təşkil edilməsi haqqında qərar qəbul olunub.
İclasda AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin, tarix üzrə elmlər doktoru Qasım Hacıyevin beynəlxalq elmi simpoziumlarda iştirakına dair hesabatları dinlənilib.
İnstitutun Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Qafqazşünaslıq” jurnalının veb-saytının istifadəsi ilə bağlı məlumat verib.
Sonda yeni nəşr olunmuş “Rusiya Federasiyasının Dağıstan Respublikası: daxili ictimai-siyasi şərait”, “Ermənistan: daxili sosial-iqtisadi və siyasi şərait”, “Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası” və “Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində” kitablarının qısa təqdimatı verilib.