Qanla qazanılmış azadlıq
Ağcabədi, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində “Qanla qazanılmış azadlıq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən “Azadlığa gedən yol” adlı sərgi ilə tanış olublar. Mərkəzin direktoru Məhsəti Ağayeva çıxış edərək Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə haqqında məlumat verib, qan bahasına əldə edilmiş dövlət müstəqilliyinin qorunmasında hər bir vətəndaşın çiyninə böyük vəzifə düşdüyünü bildirib.
Sonra Mərkəzin nümayəndəsi Leyla Səfərovanın “Milli qürur günümüz” mövzusunda məruzəsi dinlənilib. Məruzə və çıxışlarda 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin mübarizliyindən danışılıb. Qanlı hadisə Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırılıb.
Sonda 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.