QAN YADDAŞI
Qanlı 20 Yanvarı heç vaxt unutmayacağıq
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarətə gələnlərdən biri də paytaxt sakini Arif Abbaslıdır.
AZƏRTAC-a müsahibəsində Arif Abbaslı demişdir ki, 20 Yanvar bizim qanlı faciəmizdir. Keçmiş SSRİ rəhbərliyinin qanunsuz olaraq Bakının küçələrinə qoşun yeritməsinə etirazını bildirən dinc sakinlər azğınlaşmış imperiya ordusu tərəfindən gülləboran edilmiş, günahsız insanların həyatına son qoyulmuşdur.
Müdhiş yanvar gecəsinin şahidlərindən biri olduğunu söyləyən paytaxt sakini bildirmişdir ki, həmin gün xalqımızın qəhrəman oğul və qızları yalın əllə imperiya ordusunun qarşısına çıxmış və şəhid olmuşlar. Biz də hər il xalqımızın milli azadlıq mübarizəsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarını yad edirik və bildiririk ki, qanlı 20 Yanvarı heç vaxt unutmayacağıq.