MƏDƏNİYYƏT
Qanlı gecədən doğan hürriyyət
Bakı, 14 yanvar, AZƏRTAC
Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan, yaddaşında çox dərin izlər buraxan hadisələr vardır. 20 Yanvar faciəsi də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən illər keçməsinə baxmayaraq 20 Yanvar faciəsi xalqımızın yaddaşında həmişə təzədir. Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim hər birimizin vətəndaşlıq və vicdan borcudur. Məhz bu səbəbdən respublikamızda hər il 20 Yanvar - Ümumxalq Hüzn Günündə faciənin ildönümünə həsr olunmuş tədbirlər keçirilir və Şəhidlər xiyabanı ziyarət edilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bu tarixi günü anmaq məqsədilə yanvarın 14-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Qanlı gecədən doğan hürriyyət” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Ardınca Vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin rəsmi hissəsində muzeyin əməkdaşı Suğra Ələkbərli məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələrdən, o cümlədən xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.
Tədbirdə, eyni zamanda, Nəsimi rayonu 20 Yanvar İctimai Birliyinin sədri Fətullayev Tahir, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı qazi Hüseynov Valeh 20 Yanvar hadisələrinin canlı şahidləri kimi öz xatirələrini bölüşüblər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıblar.
Tədbir çərçivəsində muzey işçiləri tərəfindən hazırlanmış və 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Rafiq Babayev adına 25 saylı onbirillik musiqi məktəbinin vokalisti və pianoçu Əli Vahidov 20 Yanvar faciəsinə həsr etdiyi fortepiano üçün prelüdiyasını, Ələkbərov Tural isə bəstəkar Fikrət Əmirovun “12 miniatür” əsərindən bir hissə ifa edib.
Sonra Şövqi Əmiraslan Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri ilə çıxış edib. “Harmoniya” tədris mərkəzinin konsertmeysteri Əsmər Behbutova fortepianoda bəstəkar Faiq Sücəddinovun “Vətən balladası”nı, bəstəkar Con Uilyamsın “Şindlerin siyahısı” filminə bəstələdiyi musiqi parçasını səsləndirib.
Daha sonra tədbir iştirakçıları pianoda Əli Vahidovun müşayiətilə Şövqi Əmiraslanın ifasında bəstəkar Şahin Musaoğlunun “Cənab Leytenant” mahnısını, Rafiq Ağayevin ifasında isə bəstəkar Elvin Quliyevin “Qayıt vətənə” marşını dinləyiblər.
Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.