İQTİSADİYYAT
Qanunsuz metaləritmə sexi aşkar olunmuşdur
Bakı, 28 oktyabr (AZƏRTAC). 11 saylı Ərazi Vergilər İdarəsinin xidmət sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin aşkarlanması ilə bağlı operativ vergi nəzarəti tədbirləri aparılmışdır. Bu tədbirlərdə Bərdə rayonunun Cəyirli kənd sakini sahibkar Ravil Əhmədovun öz həyətyanı sahəsində xüsusi razılıq (lisenziya) almadan qara və əlvan metalların tədarükü, əlvan metalların emalı (əridilməsi) və satışı ilə məşğul olduğu aşkarlanmışdır.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmalar zamanı sahibkar R.Əhmədova məxsus anbarda ümumi çəkisi 1 ton 666 kiloqram olan 238 ədəd külçə halında əridilmiş düralüminium və 3,5 ton qara metal aşkarlanmış və məlum olmuşdur ki, tədarük və emal edilən qara və əlvan metallar "Azmet LTD" MMC-yə satılır. Sahibkar R.Əhmədov tərəfindən 2 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyənləşdirilmişdir.
Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı sahibkar R.Əhmədov qara və əlvan metalların emalı və tədarükü ilə bağlı gəlir və xərclərin aparılmasına dair heç bir sənəd təqdim etməmişdir.
Aşkar edilmiş qanun pozuntusu faktları ilə bağlı müvafiq tədbir görülür.