CƏMİYYƏT
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb. Onlardan üçü Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər 26-nın isə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.