ELM VƏ TƏHSİL
Qara Dəniz ölkələrinin turizm əməkdaşlığı müzakirə edilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, bu günlərdə Rusiyanın Krasnodar vilayətinin Gelencik şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm üzrə işçi qrupunun “Qara dəniz regionunda turizm infrastrukturunun inkişafı” mövzusuna həsr olunmuş növbəti 6-cı toplantısı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi Kəmalə Həsənova, Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil etmişlər.
ATİ-nin rektoru Cəfər Cəfərov AZƏRTAC-a bildirmişdir ki, tədbirin iştirakçıları balneologiya, dəniz, sağlamlıq, yaradıcı və sair kimi turizm növlərinin Qara dəniz regionunda inkişafı, regionda ətraf mühitin qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, turizmin xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, QDİƏT regionunun vahid brendinin və təşkilata üzv olan ölkələrin turizm uzrə veb səhifəsinin yaradılması məsələləri müzakirə etmişlər.
Plenar iclasda Cəfər Cəfərov “Azərbaycanda turizm sənayesi üçün kadr hazırlığı, bu sahədə görülən və görüləcək işlər: perspektivlər” mövzusunda çıxış edərək Turizm İnstitutunun tədris proqramlarının hazırlanması ilə bağlı çoxsaylı suallara cavab vermişdir.
Rektor bildirmişdir ki, belə toplantılar faydalı əlaqələrin yaranması, qarşılıqlı təcrübənin öyrənilməsi və tətbiqində əhəmiyyətli rol oynaya bilər.