REGİONLAR
“Qarabağ Azərbaycandır və nida” şüarı ilə keçirilən avtoyürüş Tərtərdə başa çatıb
Tərtər, 9 noyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan avtoyürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ istiqamətində “Qarabağ Azərbaycandır və nida” şüarı altında keçirilən yürüş dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərlə təşkil olunub. Yürüş, eyni zamanda, Bakı-Tərtər, Biləsuvar-Beyləqan və Qazax-Gəncə istiqamətində keçirilib. Hər üç istiqamətdə tədbirlər mitinqlə başlayıb. Marşrutboyu yerləşən Şəhidlər xiyabanları ziyarət edilib, şəhidlərin məzarı üzərinə gül dəstələri qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yürüş iştirakçıları Tərtərdə böyük coşqu ilə qarşılanıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, düşmənlə bir addımlıqda yaşayan tərtərlilər yaşayış məntəqələrimizin atəşə tutulmasına, erməni təxribatlarına baxmayaraq, qəhrəmanlıq nümunəsi göstərir, əsgərlərimizə dəstək olurlar. Rayonda tikinti-quruculuq, abadlıq işləri aparılır, yeni yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, oktyabrın 3-də Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Prezident İlham Əliyevin çıxışı zamanı düşmənə layiqli cavab olaraq söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinə bu gün hər bir azərbaycanlı, o cümlədən Qarabağ müharibəsi əlliləri də dəstək verirlər. İctimai Birliyin üç istiqamət üzrə təşkil etdiyi avtoyürüş məhz bu məqsədə xidmət edir.
Tədbir konsert proqramı ilə davam edib.
Yürüş iştirakçıları sonra N saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.