Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qarabağ şikəstəsi – Zəfərin gur nəğməsi

Qarabağ şikəstəsi – Zəfərin gur nəğməsi

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağ – musiqi mədəniyyətimizin bütün qollarının bir-birilə sıx çulğalaşdığı, bir-birilə zənginləşdiyi bir diyardır, musiqi yaradıcılığının hər bir sahəsinin – xalq mahnı və rəqs yaradıcılığı, aşıq və muğam sənəti, dini musiqi yaradıcılığının birgə fəaliyyət göstərdiyi bölgələrdən biridir. Azərbaycan musiqi mədəniyyətinin yaradıcılıq qolları yüzilliklər boyu, bu yurdda yanaşı addımlamış, qarşılıqlı faydalanma, qarşılıqlı əlaqə və təsir zəminində yaşamışdır. Qədim tarixə malik, ilk insanların məskəni sayılan Qarabağ torpağı bəşəriyyətə böyük simalar bəxş etmişdir. Bu torpaq Seyid İbn Əmirül Bərdəi, Əbül Bəkr Bərdəi, Məsud ibn Namdar, Mücirəddin Beyləqaninin (X-XII əsrlər), Yusif Məmmədcan oğlu Qarabağinin (?-1645) vətəni olmuşdur.

Bu fikirlər sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin “Qarabağ şikəstəsi – Zəfərin gur nəğməsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Aşıq sənətinin “qızıl dövrü” hesab edilən XVI-XVII yüzilliklərdə və ondan sonrakı dövrlərdə də Qarabağ mədəni mühiti böyük sənətkarlar yetişdirmişdir. Qurbani (XVI əsr), Lələ (XVII əsr), Abdalgülablı Valeh (XVIII əsr), Aşıq Pəri (XIX əsr) kimi qüdrətli saz-söz ustadları məhz bu mühitdə yaşayıb-yaratmışlar. Onların yaratdıqları zəngin və parlaq mədəni irs həm musiqi mədəniyyəti, həm də Azərbaycan yazılı ədəbiyyatının inkişafına böyük təkan verib. Görkəmli ədəbiyyatşünas alim Məmmədhüseyn Təhmasib aşıqlıq mədəniyyətinin hakim mövqeyini qeyd edərək yazırdı: “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetirmişdir ki, hətta yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdır” (Seçilmiş əsərləri. I cild, Bakı -2010, s. 488).

XVII-XIX yüzilliklərdə aşıq ədəbiyyatı özünün çiçəklənmə dövrünü yaşayıb, xalq arasında, eləcə də mədəniyyət sahəsində hakim mövqe tutub. Aşıq sənəti musiqi mədəniyyətinin bütün sahələrinə təsir edib, muğamların milliləşməsinə, aşıq havaları əsasında yeni bir janrın – Qarabağ şikəstəsi, Arazbarı, Mani, Kərəmi və s. kimi zərbi-muğamların yaranmasına gətirib çıxarıb. Bir çox aşıq havaları xalq mahnısı statusu qazanıb.

XVIII yüzilliyin ikinci yarısından başlayaraq Şuşa şəhəri elmi-mədəni mərkəzlərdən biri kimi formalaşmışdı. Memar Kərbəlayi Səfihin tikdiyi “Göy məscid”, məhəllə məscidləri, Qala-saray kompleksi, karvansaralar, iki-üç mərtəbəli gözəl bina və saraylar Şuşanı milli memarlıq muzeyinə çevirmişdi. Böyük şair Molla Pənah Vaqif məhz bu şəhərdə - Qarabağ mühitində yaşayıb-yaradıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli və başqaları yaradıcılıq yoluna bu şəhərdə başlayıb, Mirzə Adıgözəl bəy, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani kimi salnaməçilər burada yetişiblər. Azərbaycan muğam və ifaçılıq sənətinin inkişafında müstəsna rol oynamış ilk musiqi məclisləri də burada yaranıb. Xurşidbanu Natəvan “Məclisi-üns”, Mir Möhsün Nəvvab “Məclisi-fərəmuşan”, “Məclisi-xanəndə” məclislərinin yaradıcıları idilər. Musiqi məbədi sayılan Şuşada “Xan Qarabaği, Növrəs, Məmayi, Baki, Alı Yüzbaşı oğlu Həsən “Beytül Xamuşan” məclisində, digər şair, müğənni və çalğıçılar (Mirzə Sadiq Piran, Mirzə Rəhim Fənan, Mirzə Məmməd Katib və b.) “Məclisi-üns” məclisində” (T.Köçərli. Qarabağ. Bakı, 2006) toplaşmış, Şuşada həvəskar gənclər M.F.Axundzadənin komediyalarını, U.Şekspirin “Otello” və “Adəm və Həvva”sını tamaşaya qoymuş, “Leyli Məcnunun qəbri üstündə” musiqili səhnəciyini göstərmişlər.

Şuşanın musiqi həyatını təsvir edən Y.V.Çəmənzəminli yazırdı: “Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər, saz... çalınardı. Nə oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı və şikəstə oxuyardılar ki, adamın gözləri yaşarırdı. Vaqif və Zakirin vətəni olan bu şəhərə təbiət şeir, musiqi və şərqi ilhamı bağışlamışdı. Qafqazın bütün adlı-sanlı türk xanəndə və sazəndələrini bu şəhər yetişdirərdi. Məşədi İsi, Hacı Üsü, Qaryağdı oğlu Cabbar, Əbdül Bağı, Seyid, İslam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar Şuşada yetişmişdir” (Əsərləri. III cild, səh.291).

Bu sıranı bəstəkar, xanəndə, sazəndə və aşıqların adları ilə sanki sonsuza qədər uzatmaq olar: Dahi Üzeyir bəy Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Soltan Hacıbəyov...

Şuşa – hamımız üçün – bütün Azərbaycan xalqı üçün müqəddəsdir. Lakin biz musiqiçilər üçün Şuşanın öz yeri var. Şuşa – Azərbaycanın musiqi beşiyidir. Səcdə etdiyi “Məkkə”sidir. Mədəniyyət ocağıdır. Musiqimizin peyğəmbəri, dahi Üzeyir bəyin ana yurdudur. Bütün Qafqazın, əslində, Yaxın Şərqin Konservatoriyasıdır. Musiqi xəzinəmizin, zəngin sənət örnəklərinin əksər çoxluğu məhz Qarabağın xanəndə və sazəndələrinin, eləcə də ustad aşıqlarının adı ilə bağlıdır. Azərbaycan milli musiqi irsinin böyük bir hissəsi məhz Qarabağın payına düşür – desək, yanılmarıq. Bunu hamımızın sevə-sevə dinlədiyimiz musiqi folklor nümunələrinin – el havalarının adları da deyir: “Qarabağı”, “Uzundərə”, “Güllücə”, “Arazbarı”, “Gülüstanı”, “Əsgəranı”, “Tərəkəmə”, “Çanaqqala” (Çanaqqala Şuşa şəhərinə girişdə yerləşən yer adıdır. Lakin ola bilsin ki, bu hava türklərin “Çanaqqala zəfəri” ilə bağlı olaraq yaranıb. Çanaqqala savaşında azərbaycanlı əsgərlər də vuruşub) və bu kimi bir çox oyun havaları Qarabağın dağlı-yamaclı, güllü-çiçəkli, gözəl təbiətə malik, igid oğul və qızlarının yaşadığı kənd və obalarının adı ilə bağlıdır.

Xalq mahnıları içərisində Qarabağla bağlı olan adlar, eyni zamanda, poetik mətnində bu diyarın səfalı yerlərinin adlarını daşıyan havalar kifayət qədərdir: “Qarabağda bir dənəsən”, “Qarabağın yollarına düşəydim”, “Şuşa ceyranı”, “Bağın bağımca varmı”, “Azərbaycan maralı” (Ay qız gəzmə aralı), “Xarıbülbül” (“Vətən bağı”), “Şuşalı” (“Neylərəm”), “Alma” (“Alma almaya bənzər”), “Laçın”, “Qoy gülüm gəlsin” (“Qarabağın düzü var”), “Aman yar” (“Gəlin gedək Daşaltına gəzməyə”), “Yarım çıxdı qabaqdan” (“Gəlin gedək Xan bağına, xəzələ”), “Yadıma sən düşəndə” (“Şuşa, Şirvan dağ üstə”), “Evləri Tərtər üstə”, “Necə qıydın” (“Gəlin gedək Xoruzlunun düzünə”), “Naxçıvanın gədiyindən aşaydım”, “Eyləmi daşlı dağlar” və başqaları.

“Qarabağ dübeytisi”, “Qarabağ kərəmisi”, “Qarabağ ləngəri”, “Qarabağ qaytağısı”, “Qarabağ gözəlləməsi”, “Qarabağ şikəstəsi”, “Qarabağ kəsməsi”, “Arazbarı” və bir çox havaları isə bu yurdun aşıqlarının yaratdığı sənət nümunələridir ki, məhz Qarabağda ərsəyə gəlib, elimizin bütün yerlərinə səs salaraq yayılıb, yeni-yeni sənət örnəklərinin yaranmasına səbəb olub.

Belə bir mühitdə – aşıq və xanəndə sənətinin yanaşı addımladığı, hətta kəsişdiyi bir məkanda yaradıcı mühit formalaşır, qarşılıqlı münasibətlər yaşanırdı. “Azərbaycan musiqi tarixi” kitabının I cildində oxuyuruq: “Azərbaycan musiqisinin müxtəlif qollarının, xüsusilə, muğamın və aşıq yaradıcılığının qarşılıqlı təsiri nəticəsində zənginləşməsi prosesi güclənirdi. Aşıq musiqisinin təsiri xanəndəlik sənətinə xüsusi təravət verir və muğamı yeni çalarlarla zənginləşdirirdi” (Bakı, 2012, səh.452, 85). Xalq şənliklərinə, toy-düyünlərə həm sazəndə, həm də aşıq dəstələri dəvət olunar, növbə ilə çıxış edər, ilk təşkil olunan “Şərq konsertləri” və “Şərq gecələri”ndən başlayaraq (1901-Şuşa, 1902- Bakı və s.) eyni səhnəni bölüşər, hətta birlikdə oxuyardılar.

Qarabağ mühitində yetişmiş böyük sənətkar – Azərbaycan milli oxuma üslubunun yaradıcısı hesab edilən Cabbar Qaryağdıoğlu görkəmli xanəndə - muğam ustadı kimi musiqi tarixinə daxil olub. Bununla belə o, xalq musiqi yaradıcılığını, mahnı və rəqsləri, el havalarını, eləcə də aşıq yaradıcılığını dərindən bilib, bu ruhda şeirlər yazıb, mahnılar bəstələyib, el havalarını oxuyan ilk xanəndə kimi də tarixə düşüb. “Cabbar Qaryağdıoğlu böyük muğam ustası olmaqla bərabər musiqi folklorumuzun, xalq mahnılarımızın gözəl bilicisi və bəstəçisi idi... Təsadüfi deyildi ki, Cabbar Qaryağdıoğlunu musiqi folklorumuzun “canlı ensiklopediyası” adlandırırdılar. O, 500-ə yaxın xalq mahnısını əzbər bilirdi və onlardan 300-nü fonovalikə yazdırmışdır” (Azərbaycan musiqi tarixi. I cild, 2012, səh. 472.). “Qaryağdının musiqi yaddaşı – xalq melodiyalarının əsl xəzinəsidir” (F.Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı, 1985, səh. 16-17).

Ümumiyyətlə, Qarabağın musiqi sərvətinin, o cümlədən musiqili-ədəbi folklorunun yaşaması, bu günə çatdırılması faktı, ilk növbədə, Cabbar Qaryağdıoğlunun adı ilə bağlıdır desək, yanılmarıq. C.Qaryağdıoğlu məhz Qarabağ mühitində formalaşıb, bu yerlərin musiqi sərvətinin həm yaradıcısı, həm daşıyıcısı, həm də ötürücüsü olub. Şuşada doğulmuş Cabbar Qaryağdıoğlu ömrünün 48 ilini Cıdır düzünə yaxın “Seyidlər” məhəlləsində yaşayıb. Böyük sənətkar kimi məhz burada yetişib və xalq nəğməkarı kimi böyük ad qazanıb. 1900-cu illərdən başlayaraq, o, ilin çox hissəsini Bakı şəhərində yaşayaraq müxtəlif konsertlərdə, tamaşalarda çıxış edib, toy-düyünlərdə oxuyub. 1909-cu ildə Bakıda ev tikdirib və ailə quraraq ömrünün sonrakı 36 ilini burada yaşayıb-yaradıb. Yay aylarını isə Şuşada keçirən böyük xanəndə doğma yurdu ilə sıx tellərini kəsməyib, üstəlik, Qarabağın zəngin musiqi sərvətini, o cümlədən, Qarabağ musiqi folklorunu da özü ilə birlikdə Bakıya gətirib. Cabbar Qaryağdıoğlunun oxuduğu xalq mahnıları, təsniflər, el havaları və s. tez bir zamanda bütün Azərbaycana yayılıb. Fonovaliklərə yazdırdığı havalar da yaddaşında qoruyub saxladığı, sevə-sevə oxuduğu həmin musiqi irsinin ayrı-ayrı sənət inciləridir. Azərbaycan milli musiqi mədəniyyətinin bütün qollarını (muğam və aşıq sənətini, xalq yaradıcılığını, eləcə də, dini musiqini) bütün qanı və ruhu ilə dərk edərək özündə cəmləməsi və gələcək nəsillərə ötürməsi Cabbar Qaryağdıoğlu fenomeninin əsas qayəsidir.

Başqa bir böyük muğam ustası – Seyid Şuşinski yaradıcılığına aşıq kimi başlayıb, gənc yaşlarında aşıq dəstəsində oxuyub. “Arazbarı” aşıq havasını zərbi-muğam şəklində ilk oxuyan da məhz o olub, zil səsi, coşqun zəngulələri, ifaçılıq məharəti ilə hamını heyran edib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıya köçüb (1919) və fəaliyyətini burada davam etdirib. O, 1926-1933-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1943-1963-cü illərdə Musiqi texnikumunda dərs deyib. H.Rzayeva, R.Muradova, İ.Rzayev, Ə.Əliyev, Y.Məmmədov və başqaları onun yetirmələridir.

Görkəmli müğənni Bülbül, “23-24 yaşınadək həm xanəndə, həm də aşıq” (Bülbül. Musiqi sənəti haqqında. Bakı, 1968, səh. 202) kimi fəaliyyət göstərib, həm aşıq, həm el havaları, həm də muğam və təsnifləri böyük məharətlə ifa edib. Azərbaycan musiqisinə, eləcə də, aşıq yaradıcılığına bütün qəlbi ilə bağlı olan Bülbül 1921-ci ildən Bakı şəhərində yaşayıb-yaradıb, professional vokal ifaçılığı məktəbinin, Konservatoriya nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin və s. yaradıcısı olub, Azərbaycan musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr verib.

Qarabağ musiqi mühitinin böyük ustadı, böyük tarzən – Aşıq Valehin nəticəsi Qurban Pirimov əvvəlcə sazda çalıb, sonra tar ifaçılığına keçib və ustad tarzən kimi tanınıb. Aşıq Valehin nəvəsi Aşıq Abbasqulu isə Sadıqcan, C.Qaryağdıoğlu və başqaları ilə eyni məclis və səhnələri bölüşüb, tarda çalmağı bacarıb, tarın müşayiəti ilə muğam oxuyub, muğam zəngulələrini aşıq havalarına daxil edib.

Adları çəkilən bu şəxsiyyətlərin Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olub. Onların hər biri həm qədim aşıq sənətinin, həm zəngin muğam sənətinin, həm də çoxçeşidli xalq mahnı və rəqs havalarının incəliklərinə dərindən bələd olub və öz yaradıcılığında bu sənət qollarının üzvi vəhdətinə – ortaq səs-məqam, səs-intonasiya birliyinə, milli oxuma üslubunun formalaşmasına, parlaq ifa imkanlarının pöhrələnməsinə nail olublar. Bu sənətkarların dahi simalarının sirri də məhz bundadır – desək, zənnimizcə yanılmarıq.

Göründüyü kimi, Qarabağ musiqi məktəbinin, ifaçılıq ənənələrinin, zəngin musiqi mədəniyyətinin yayılmasında bu diyarın musiqiçilərinin böyük rolu olub. İlk növbədə, Şuşada, eləcə də Qarabağın ayrı-ayrı bölgələrində doğulub, boya-başa çatmış, xanəndə, sazəndə, aşıq kimi formalaşmış musiqiçilər Azərbaycanın əksər şəhər və kəndlərində, Qafqazın və yaxın ölkələrin bir çox şəhərlərində konsertlər verib, oxuyub-çaldıqları şaqraq havalar ilə doğma vətənin sədasını hər tərəfə yayıblar. Şuşada doğulub boya-başa çatmış xanəndə və sazəndələrin çox hissəsi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan əvvəl və sonra, bu və ya digər səbəblərdən, Bakıya, Gəncəyə və başqa şəhərlərə köçərək fəaliyyətlərini davam etdirib, musiqi məktəblərində sənətin sirlərini öyrədərək gələcək nəsillərin yetişməsində müstəsna rol oynayıblar. Hər bir musiqiçi öz ifası, ustad dərsləri ilə yeni nəslə, həm də Qarabağın sanki bir hissəciyini ötürüb, Şuşa şəhərinin zəngin musiqi ruhunu aşılayıblar. Qarabağ musiqi mühitinə xas olan obrazlılıq – təbiətə vurğunluq, füsunkar dağların-çeşmələrin, gözəllərin poetik təsviri, hadisələrə dərin emosional münasibət, saf, daxildən gələn musiqi intonasiyaları, əsl milli ruh, səs tembrinin özünəməxsusluğu, şaqraq zəngulələr, zəngin melodik, metr-ritmik müxtəliflik, zil səsli xanəndələrin xüsusilə sevilməsi, ifa zamanı dərin hisslərin çatdırılması və ya coşqun emosionallıq və bu kimi özəlliklər Qarabağdan Azərbaycanın bütün bölgələrinə daşınıb və yeni nəsil xanəndələri tərəfindən inkişaf etdirilib. Bu baxımdan, demək mümkündür ki, Qarabağ məktəbi musiqi mədəniyyətimizin böyük bir mərhələsini təşkil edir, “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmışlar və onu təkcə öz vətənlərində deyil, Şərqin başqa ölkələrində də təmsil etmişlər” (F.Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı, 1985, səh. 16-17).

Bu yazı çərçivəsində, biz, diqqəti Azərbaycan tarının yaradıcısı – Qarabağ mühitinin yetirməsi, böyük musiqiçi Mirzə Sadıq Əsəd oğluna (Sadıqcan) yönəltmək istərdik. Məlum olduğu kimi, tar çoxəsrlik bir inkişaf tarixi keçib, dəyişikliklərə uğrayıb, təkmilləşmə prosesi yaşayıb. Tar üzərində aparılmış ən böyük dəyişikliklərdən biri XIX əsrin 60-cı illərində - məhz Azərbaycanda, Qarabağın Şuşa şəhərində baş tutub. Sadıqcanın həyata keçirdiyi reforma nəticəsində, hazırda bütün Qafqazda, Qafqazyanı ölkələrdə, Orta Asiyada geniş yayılan sırf milli Azərbaycan tarı yaranıb.

Mirzə Sadıx, dövrünün böyük tar ustası Əli Əsgərdən dərs almışdı. O fitri istedada malik, virtuoz tar ifaçısı kimi yetişib, yeni muğam növlərinin, o cümlədən sırf milli janrlardan biri olan “zərbi-muğam”ların yaradıcısı, muğamın, eləcə də xalq musiqisinin mahir bilicisi, tar alətinin novator ustası, kamança ifaçısı, ən önəmlisi, milli musiqi təfəkkürünün daşıyıcısı olub.

Sadıqcanın reforması nəticəsində tar alətinin pərdə düzülüşünün dəyişilməsi və bununla bağlı olaraq formalaşmış bir mühüm məqama diqqəti yönəltmək istərdik.

Sadıqcan pərdələrin sayını azaldaraq 17-ni saxlayıb, pərdələrin düzümünü dəyişdirib (Bu haqda daha ətraflı bax: V.Əbülqasımov “Azərbaycan tarı. Bakı, 1989). Tarın yeni səs düzümünü yaradarkən Sadıqcan aşıq sazına xas olan böyük major tersiyasını (5/4–386 sent) tara daxil edib. Tar alətinin tanınmış araşdırıcısı V.Əbülqasımov “Azərbaycan tarı” əsərində (səh.47) yazır: “Mirzə Sadıx Əsəd oğlu yeni tarda beşsimli tardakı böyük tersiya ucalığını (348c) qəbul etməmiş və həmin pərdəni bir qədər irəli çəkərək böyük tersiya ucalığını 384 sentə (6-cı pərdə) çatdırmışdır. Bununla Mirzə Sadıq “Segah” tonikasının mövqeyini tamamilə düzgün və həm də “Segah”ın (“Xaric Segah” – “Orta Segah” – “Mirzə Hüseyn Segah”ı) məhz Azərbaycanda nə sayaq səslənməsi və nə üslubda ifa olunması prinsipini nəzərdə tutaraq təyin etməyi bacarmışdır” (fərq 384-343=41 sent olmuşdur). Bu – Sadıqcanın tar reformasının ən mühüm yeniliyidir. Tarın rekonstruksiyasında belə bir dəyişikliyin edilməsi Azərbaycan musiqisinin, Azərbaycan muğamının daha zəngin, daha parlaq milli xüsusiyyətlər, milli çalar, milli rəng əldə etməsinə, məqam-intonasiya məzmununun daxili gözəlliklərinin, üstün və özəl milli keyfiyyətlərinin üzə çıxarılmasına şərait yaratdı. Eyni zamanda, “Segah” muğamının inkişaf etməsi, yeni-yeni növlərinin yaranması, “Segah”ın əksər muğamlara nüfuz etməsi prosesi gücləndi.

Müəllif əsərdə həm beşsimli tarın, həm də on bir simli tarın pərdələrinin düzümünün sentlərlə ölçüsünü verib. Azərbaycan xalq çalğı alətlərinin görkəmli tədqiqatçısı S.Abdullayeva isə “Azərbaycan xalq çalğı alətləri” əsərində bir neçə saz alətinin pərdələrinin sentlərlə ölçülərini verib. Məsələn: Ə.Rzayevin sazında böyük tersiyalardan biri – do-mi arasında ölçü 384 sent göstərilib.

Sadıqcanın bu pərdəni tara daxil etməsi ilə, Azərbaycan tarı XIX əsrə qədər tarzənlərimiz tərəfindən çalınan qədim Şərq tarından fərqlənib. Xalq arasında geniş şöhrət qazanmış “Qarabağ şikəstəsi”nin və digər şikəstələrin, eləcə də “Segah”, “Şur” muğamlarının, xalq havalarının tarda ifası dəqiqləşib, milli intonasiyaları daha düzgün ifadə etmək mümkün olub, daha dürüst səslənmə əldə edilib.

Tarın üzərində yeniliklərin aparılması nə ilə bağlı idi? Zərurət nədən yaranmışdı? Fikrimizcə, Azərbaycan xalqının əsrlərboyu yaratdığı, inkişaf etdirdiyi melodik-səs, məqam-intonasiya məcmusu toplanaraq formalaşmışdı. Xalq bunu öz nəfəsində qoruyub saxlayır, oxuduğu havalarda, eyni zamanda, çaldığı alətlərdə səsləndirir və cilalayırdı. Belə alətlərdən biri də qədim saz idi.

Qeyd olunduğu kimi, Sadıqcanın yaşadığı mühitdə - Qarabağda muğam sənəti ilə yanaşı aşıq musiqisi, saz ifaçılığı da geniş yayılmışdı (F.Köçərli təkcə Gülablıda fəaliyyət göstərən 26 aşığın adını çəkib). Azərbaycan musiqisinin iki möhtəşəm qolu – muğam sənəti və aşıq yaradıcılığının qarşılıqlı əlaqə və təsiri nəticəsində zənginləşmə prosesi artırdı. Xalq tərəfindən sevilən, geniş yayılmış bir sıra aşıq havaları xanəndə yaradıcılığına sirayət edir və xanəndələr tərəfindən oxunurdu. Çox sevilən havalardan biri də aşıq “şikəstə”ləri idi. Beşsimli tarda bu havaların milli intonasiya səciyyəsini ifadə etmək, olduğu kimi çalmaq mümkün deyildi. Zərurət buradan yaranmışdı. Qarabağ hələ də böyük ustad Aşıq Valehin təsiri altında yaşayırdı (Kolanlı Həsən Şıxavəndli “Aşıq Valeh” kitabında qeyd edir ki, Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində yazır: “Qarabağın aşıqları, neyçi və balabançıları, sazəndələri, xanəndə və nəvazəndələrinin əksəriyyəti Gülablıdan çıxıb (Aşıq Valehin doğulduğu kənd – İradə Köçərli), onun abu-havası ilə pərvəriş tapmışlar”. Daha sonra oxuyuruq: “Gülablı kəndində aşıq dəstələri yaranır, zurna-balaban həmin dəstələrə daxil olur. Bizə gəlib çatan məlumata görə, bu kənddə 29 zurnaçı dəstəsi olmuşdur. Onlar içərisində zurnaçı Əkbərin dəstəsində: Aşıq Qaraş, Aşıq Məmmədoğlu, Hüseyn zurnaçı, Hüseyn oğlu Məmməd, Aşıq Məhi Muxtar oğlu, Aşıq Baxış, Aşıq Nəcəfqulu, Aşıq Aslan, Aşıq Balakişi, Aşıq Cahangir, Aşıq Əzim, Aşıq Şahməmməd, Aşıq Çərkəz, Aşıq Musa, Aşıq Əli, Aşıq Məhərrəm, Aşıq Səməd, Aşıq Allahverdi, Aşıq Yadigar, Aşıq Abbasqulu, Aşıq Cəlal, Aşıq Qənbər, Aşıq Əhməd, balabançı Kərbalayi Fərəc. Valehin törəmələri: Aşıq Abbasqulu, Zərnigar, Aşıq Qara, Aşıq Ağalar, Aşıq Səməd, Aşıq Məhəmməd Zərnigar oğlu, balabançı Baxşəli və nəhayət, deyilir ki, Aşıq Valeh qədim saz havalarımıza “Qarabağ dübeytisi”, “Qarabağ kərəmisi”, “Qarabağ ləngəri”, “Qarabağ qaytağısı”, “Qarabağ gözəlləməsi”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Aran gözəlləməsi” kimi incilər verib”. Bakı, 2011, səh.18, 21-23). Mənbələrə görə, “Qarabağ şikəstəsi”, “Qarabağ kərəmisi”, “Qarabağ dübeytisi”, “Arazbarı” və başqa havaları da məhz Aşıq Valeh yaratmışdı. Belə bir mühitdə - aşıq mühiti ilə sıx təmasda yaşayan Sadıqcan sinədə çalınan sazı görüb-eşitmiş, onun səsi və havacatı ilə böyümüşdü. Çox yəqin ki, tarı da saz kimi, sinəyə qaldırıb çalmaq istəyi buradan qaynaqlanmışdı.

Sadıqcan çalğı, səs, texniki imkan baxımdan onu qane etməyən alətdə çalmaq istəmirdi və “ürəyinin başında” çalınan doğma hava, təmiz səs, milli səslənmə axtarışında idi. O, istəyinə çatdı və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Beləliklə, Sadıqcanın apardığı dəyişiklik alətin milliləşməsinə, onun xalq alətinə çevrilməsinə, Azərbaycan muğamının xalq musiqisi ilə qovuşmasına, daha zəngin və parlaq milli çalarlar əldə etməsinə, milli məqam-intonasiya məzmununun üzə çıxmasına imkan yaradıb.

Hər bir xalqın milli özünəməxsusluğunu təyin edən bir çox amillər var. Bu amillər xalqın həyatının hər bir sahəsində mövcuddur və özünün bənzərsizliyi, sabitliyi və yaşarılığı ilə fərqlənir. Bu baxımdan, Azərbaycan musiqisində, milli-ictimai toplum olaraq hamı tərəfindən dərk olunmuş və qəbul edilmiş, özündə milli musiqinin tipikləşmiş ifadə vasitələrini – poetik, melodik, metr-ritmik, məzmun, ovqat, ifa xüsusiyyətlərinin üzvi vəhdətini cəmləmiş ənənəvi hava-formullardan, hava-modellərdən biri məhz şikəstədir.

Azərbaycan xalq yaradıcılığının bir çox sahələrində - aşıq musiqi yaradıcılığı, aşıq poeziyası, eləcə də muğam sənətində “şikəstə”lərin xüsusi yeri var: şikəstə-ağı, şikəstə-bayatı, aşıq şikəstələri, şikəstə - zərbi-muğamlar və muğam şöbəsi – şikəsteyi-fars və hətta şikəstə-məqam. Şikəstələrin məzmun, obraz, ovqat, bədii təsir dairəsi xalqımızın mənəvi aləminə, hisslər dünyasına çox yaxın və doğmadır. Bu musiqi özəllikləri şikəstələrin geniş yayılmasına və sevilməsinə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmasına zəmin olub. Bu el havaları xalqın şad günlərində onlara yüksək zövq və sevinc hissləri bəxş edib, qəmli vaxtlarında isə sanki kədəri, ağrını ovundurmağa, soyutmağa qadir olub.

Azərbaycan ifaçılıq sənətinin ən qüdrətli sənətkarları - Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, o cümlədən, Keçəçi oğlu Məhəmməd, Zabul Qasım, Məşədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Xan Şuşinski və bir çoxları “Qarabağ şikəstəsi”ni böyük məharət və şövqlə oxuyublar. Bunun nəticəsidir ki, Azərbaycanda məşhur xanəndələrimizin sayca çox az olan vallarına – Keçəçi oğlu Məhəmmədin (1912-ci il, Sport-Rekord, Varşava), Aşıq Abbasqulunun (1914, Sport-Rekord, Tiflis) vallarına başqa musiqi havaları ilə yanaşı, şikəstələr də daxil edilib. XX yüzillikdə və çağdaş dövrümüzdə yaşayıb-yaradan xanəndələrimiz də şikəstələrin mahir ifaçıları kimi məşhurlaşıblar.

Qeyd edək ki, Azərbaycan bəstəkarları ilk əsərlərini yaradarkən xalqı professional musiqiyə alışdırmaq, cəlb etmək məqsədilə xalq ruhuna daha yaxın olan musiqi nümunələrindən, janr və formalardan istifadə edib və bu mənada, məhz şikəstələr bəstəkar və tamaşaçı arasında bir növ vasitəçi rolunu oynayıb. Bunun əsas səbəbi o idi ki, məhz şikəstələr, hər bir azərbaycanlının milli duyumu, mənəvi aləminə çox doğma idi və hamının daxilən duyduğu, yaddaşına həmişəlik hopmuş, saf bir “segah” üstündə yoğurulmuş musiqi nümunələri idi. Şikəstələrin milli özəlliyini duyan və şikəstələrdən əsərlərində tapıntı kimi istifadə edən də bizim ölməz bəstəkarlar olmuşlar. Ü.Hacıbəyli “Əsli və Kərəm”, Z.Hacıbəyov “Aşıq Qərib”, R.M.Qliyer “Şahsənəm” və b. operalarına “Qarabağ şikəstəsi”ni daxil etmişlər.

“Qarabağ şikəstəsi”ndən danışarkən istər-istəməz daha bir qarabağlı – Xan Şuşinski yada düşür. Bu ad isə bizi bir daha gözəl Qarabağ torpağına, Şuşaya aparıb çıxarır. Xan Şuşinski bu torpaqda göz açmışdı. Bu torpağın suyundan, havasından udmuşdu, burada boya-başa çatmışdı. Təsadüfi deyildir ki, öz dövründə Qarabağ şikəstəsini onun qədər təsirli oxuyan olmamışdır. Xanın səsi Allahın Davud Peyğəmbərə bəxş etdiyi füsunkar səslə - “Ləhni Davud”la müqayisə edilirdi. Səsinin milli koloriti, milli çalarları var idi. O həm muğam və zərbi muğamların, xalq mahnılarının, eləcə də aşıq havalarının mahir ifaçısı idi. Xan Şuşinskinin ifa üslubunun özü bu bədii qovuşuqluğun təcəssümü idi. Özünün dediyinə görə, aşıqdan eşitdiyi “Apardı sellər Saranı” havasını, “Əlində sazın, qurbanı” və başqa havaları xanəndə ifaçılığına gətirən, ona yeni həyat verən də Xan idi.

Sonralar bir çox xanəndə və sazəndələr, müxtəlif müğənni və ifaçılar bu havanı oxuyub, ona yeni rəng, yeni nəfəs qatıb, öz yaradıcı möhürünü vurub. Son otuz ildə isə bu möhtəşəm musiqi nümunəsi yeni obraz, yeni məzmun çalarları, qəhrəmanlıq, mərdlik cizgiləri əldə edib. Müxtəlif təfsirlərlə, yeni interpretasiyalarla təqdim edilməklə “Qarabağ şikəstəsi” xalqın ruhunu təzələyib, həm ürəyini sazladıb, həm yaddaşını oyadıb, həm də mübarizəyə səsləyib, qələbəyə doğru aparıb. Qarabağın musiqi rəmzinə çevrilib. Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm qələbəsi isə bu havaya yeni məna qatıb. Artıq “Qarabağ şikəstəsi” – bu qədim yurdun zəfər himnidir. Ürəyimizin ən dərin qatlarından, neçə illərin həsrətindən qopan sədasıdır, Qarabağ mübarizəsinin qələbə akkordlarıdır: “Sən azadsan – Şuşa!”

....Uca dağ başında, sıldırım qayaların üstündə məğrur bir yurd görünür: sanki bir üzük qaşıdır, sanki bir baş tacıdır, sanki Uca Tanrının öz əli ilə çəkdiyi, xeyir-duası ilə yaratdığı, həm dahiyanə, həm də sadə - təbii bir gözəlliyin özüdür... Bizi keçmişimizə bağlayan, milli ruhumuzun rəmzi olan qədim Şuşadır.

Uzaqdan yenə də doğma bir səs gəlir – “Qarabağ şikəstəsi” havalanır. Bu dəfə isə oxuyan xalqımızın igid oğlu – qalib Azərbaycan əsgəridir. O qəhrəman ömrünün bütün yaşantılarını – torpaq itkisi, vətən həsrəti, mübarizəsi, qələbəsi... sevgisini səsinə qataraq hayqırır:

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!!!!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb